2 C
Baku
Sunday, December 15, 2024

Yaxşı satıcı və uğurlu sığortaçı

Məlumdur ki, sığortaçıların bazarda uğurlu fəaliyyəti və sabit inkişafı bir çox  amillərdən həlledici dərəcədə asılıdır. Belə ki, sığortaçıda idarəetmə sistemi daim təkmilləşdirilməli, kapital ehtiyatları artırılmalı, satış sistemi yenilənməli, kadr hazırlığı və kütləvi təbliğat və maarifləndərimə işləri mütəmadi xarakter daşımalıdır. Amma razılaşarsınız ki, satıcıların peşəkar hazırlıq səviyyəsi bu sırada xüsusi önəm kəsb edir. Satıcılar sanki bir “lokomotiv” kimi şirkəti irəli aparır, onun gəlir əldə etməsində və nəticə etibarı ilə xüsusi sığorta ehtiyatlarının formalaşdırılmasında əhəmiyyətli rol oynayırlar. Başqa sözlə, yaxşı satıcı komandasına sahib olmaq uğurlu sığortaçı olmağın ilkin şərtidir.

 Bildiyiniz kimi, sığorta müqaviləsi sığortaçı ilə sığortalı arasında bağlanan və müvafiq sığorta xidmətlərinin göstərilməsini nəzərdə tutan razılaşma sənədidir. Bu razılaşmada sığortalı sığorta haqqını ödəməyi, sığortaçı isə müqavilədə göstərilən zərər və itkilər baş verdikdə, uyğun sığorta ödənişini həyata keçirməyi öz öhdəsinə götürür.

Mənfi halların əsas yaranma səbəbləri isə, bir qayda olaraq,  sığorta müqaviləsinin bağlanması zamanı və müqavilə müddəti ərzində bir tərəfdən satış nümayəndəsinin, digər tərəfdən isə sığortalının vəzifə öhdəliklərini lazımınca yerinə yetirməməsi ilə bağlı olur. 

Sığorta bazarına yeni satıcıların qoşulduğunu nəzərə alaraq, sığorta müqaviləsi bağlayarkən xüsusi diqqət ayrılmalı olan hallara aktiv yaddaşımızda daim yer ayırmalıyıq: 

  1. Risk ehtimalı kifayət qədər böyük olan mühüm obyektlərin sığortalanması lazım gəldikdə, riskin qiymətləndirilməsi və uyğun tarifin müəyyənləşdirilməsi üçün öncə  təmsil etdiyiniz sığortaçının anderrayterləri ilə məsləhətləşin və ya müqavilənin bütün şərtlərini onlarla razılaşdırın;                                                                                                     
  2. Riskin humanist, fiziki və maliyyə aspektindən düzgün qiymətləndirilməsi üçün təklif olunan əmlakın daşınmaz və ya daşınar olduğunu dəqiqləşdirin. Bu, gələcəkdə müştərilərin saxta və yersiz iddialarının qarşısının alınması və sığortaçının mükəmməl anderraytinq siyasəti baxımından zəruridir.                                                                 
  3.  Daşınmaz əmlakın icbari sığortası, habelə daşınmaz və ya daşınar əmlakın könüllü sığortası müqavilələri bağlanarkən sığorta haqqı ödəyən şəxsin sığorta marağının olmasını təsdiq edən sənədlərə (daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən mülkiyyət şəhadətnaməsi, istifadə və ya istismar hüququnu təsdiq edən etibarnamə və s.) istinad edilməlidir;                                                                                           
  4. Daşınmaz əmlakın icbari sığortası, habelə daşınmaz və ya daşınar əmlakın könüllü sığortası müqavilələrinə (şəhadətnamələrinə) qoşma formasında əlavə olunmuş sığorta predmeti olan əmlakın (bina, tikili, avtonəqliyyat vasitəsi, cihaz, qurğu, avadanlıq və s.) siyahısı müvafiq formaya əsasən dəqiq doldurulmalı və bu, sığortalının səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilməlidir;                                                                  
  5. Sığorta müqaviləsinin formal olaraq bağlanması anınadək, hələ müqavilənin bağlanması üçün müraciət olunanda, sığortalı sığortaçıya müvafiq (sığorta predmetinə və ya sığorta olunana dair) məlumatların düzgün verilməsi ilə bağlı vəzifələrini yerinə yetirməlidir.  Sığortalı riskin sığortalanması məqsədilə sığortaçı tərəfindən müvafiq qərarın qəbul edilməsi üçün risk haqqında bütün məlumatları verməlidir. Bu məlumatlar sığortalanma barədə ərizənin tam və düzgün doldurulması yolu ilə təqdim olunur; 
  6. Sığorta müqaviləsi bağlandıqdan sonra müqavilə üçün əhəmiyyət kəsb edən şəraitin dəyişməsi haqqında sığortaçının məlumatlandırılması da sığortalının vəzifələrinə daxildir. Məsələn, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı aşağıdakı faktlar barədə sığortaçıya məlumat verməlidir:
  1. Sığorta riskinin artması;
  2. Eyni riskin bir neçə sığorta müqaviləsi əsasında sığortalanması;
  3. Sığortalanmış əmlakın özgəninkiləşdirilməsi, yaxud həmin əmlaka mülkiyyət hüququnun dəyişməsi;
  4. Sığorta obyektinin öncədən elan olunmuş istifadə təyinatının dəyişdirilməsi.

7.Sığorta təminatının verilməsi üçün sığortalının sığorta hadisəsi zamanı və sığorta hadisəsindən sonra müəyyən vəzifələri yerinə yetirməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin vəzifələr aşağıdakılardan ibarətdir:

  • Sığorta hadisəsinin baş verməsi haqqında sığortaçının məlumatlandırılması üzrə vəzifələr;
  • Bildirilmiş hadisənin sənədli təsdiqi üzrə sığortaçının sorğusunun cavablandırılması ilə bağlı vəzifələr;
  • Zərərin qarşısının alınması və onun həcminin azaldılması istiqamətində müvafiq tədbirlərin görülməsi üzrə vəzifələr.

8. Baş verməsi ehtimal olunan və sığorta müqaviləsində yazılan risklərin siyahısının sığortalının diqqətinə çatdırılması.  Məsələn, KASKO sığorta müqaviləsinə əsasən yalnız YNH riskindən təminat almış sığortalı, dayanacaqda ağac budağının avtomobilin üzərinə düşməsi nəticəsində zərərə məruz qalır. Təcrübə göstərir ki, bu halda hər hansı predmetin sığorta predmetinin üzərinə düşməsi, dəyməsi, toxunması və ya sürtünməsi riskindən sığortalanmadığını deməklə, sığortalıya sonradan təsəlli vermək və ya onu razı salmaq mümkün olmur. 

9. Sığortalının  diqqətinə çatdırılmalıdır ki, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Başqa sözlə, sığorta məbləği qüvvədə olan  qanuna əsasən sığortaçının öhdəliklərinin son həddidir. Odur ki, əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin məbləğindən çox ola bilməz;  

10. Sığorta müqaviləsində azadolma məbləği tətbiq olunduğu halda, bu barədə sığortalıda dəqiq təsəvvür yaradılmalıdır. Əksər hallarda sığortalılar azadolma məbləğinin nə məqsədlə tətbiq olunduğunu bilmirlər; 

11. Sığorta müqaviləsi natamam (qismən sığorta)  sığorta formasında bağlandıqda, onun mahiyyəti barədə sığortalı dəqiq məlumatlandırılmalıdır. Daha dəqiq ifadə etsək, sığorta hadisəsi baş verdikdə, sığorta ödənişinin sığorta məbləğinin sığorta dəyərinə nisbətində azaldılacağı sığortalıya bildirilməlidir; 

12. Sığorta predmeti olan əmlak və avadanlıqlardan təyinatı üzrə və hüquqi səlahiyyətli şəxslər tərəfindən istifadə edilməsi. İstər hər hansı tikili olsun, istərsə də avtomobil olsun, onların istifadəçiləri dəyişdikdə, bu barədə sığortaçı məlumatlandırılmalı və mövcud müqaviləyə müvafiq dəyişikliklər aparılmalıdır; 

13. Sığorta hadisəsi baş verdikdə, sığortalı hadisənin araşdırılması ilə bərabər gələcəkdə lazım gəldikdə, subroqasiya hüququnun təmin edilməsi üçün sığortaçıya bütün mümkün dəstəyi göstərməlidir;

14. Sığorta müqaviləsi bağlanarkən sığortaçının nümayəndəsi bütün mümkün vasitələrdən istifadə etməklə, sığortalanacaq obyekt barədə ətraflı məlumat əldə etməlidir. Bunlardan ən vacib olanlar aşağıdakılardır: sığorta predmetinin inşa/istehsal tarixi, təyinatı, sığorta olunanın ixtisas dərəcəsi/müvafiq sertifikatlaşdırma, yanğın təlimatı, təxliyyə planı, yanğın çıxışları, yanğın qapıları, yanğınsöndürmə avadanlıqları, yanğın və təhlükəsizlik üzrə siqnal sistemi, elektrik naqillərinin mövcud durumu barədə səlahiyyətli orqanların protokallaşdırılmış rəyi,  malların\əşyaların yerləşdirilməsi/qablaşdırılması, tullantıların atılması və s.;

15. Müqavilə şərtlərinin izah edilməsi                                                                        Əksər hallarda sığortalılar/istehlakçılar sığorta müqaviləsinin şərtləri ilə tanış olmağa maraq göstərmirlər. Lakin adətən müqavilə ilə əlaqədar mübahisələr sığorta hadisəsi baş verdikdən sonra yarandığı üçün  müqavilə bağlanarkən bunlar nəzərə alınmalı, müqavilə şərtləri incələnməli, sığortalı üçün heç bir qaranlıq sahə saxlanılmamalıdır. Sığortalılar çox əhatəli olan sığorta qaydalarını oxumağa həvəsli olmurlar, lakin müvafiq qaydalardan qısa çıxarış hazırlayıb, onunla sığortalını tanış etmək və imzası ilə bunu təsdiq etdirmək mümkündür.    

Bir sözlə, müqaviləni bağlayarkən sığorta məbləğinə, azadolma məbləğinə,  xüsusi şərtlərə, istisnalara, təminata daxil edilən risklərə, sığortalının hüquq və vəzifələrinə, sığorta haqqının ödənilməsi qaydalarına xüsusi diqqət vermək lazımdır. 

Şükür Hüseynov

 

 

 

Son xəbərlər
Digər xəbərlər