Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Azərsığorta”nın gəlirləri 34 milyon 532 min manat, xərcləri isə 44 milyon 985 min manat təşkil edib. 2021-ci ildə sığorta şirkətinin gəlirləri 59 milyon 120 min manat, xərcləri 73 milyon 414 min manat olub.
2022-ci ildə “Azərsığorta”nın yığdığı sığorta haqları 16 milyon 465 min manat, sığorta ödənişləri isə 20 milyon 88 min manat təşkil edib.
Hesabat dövründə sığorta şirkətinin aktivləri 49 milyon 180 min manatdan 17 milyon 298 min manata, cəmi öhdəlikləri 45 milyon 396 min manatdan 24 milyon 509 min manata düşüb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 05 noyabr tarixli, 1174 nömrəli Fərmanına əsasən “Azərbaycan İnvestisiya Holdinqi” təsis edilmiş və 2021-ci il 22 sentyabr tarixli, 2907 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin idarə olunmasının əsasları “Azərbaycan İnvestisiya Holdinq”inin səlahiyyətinə verilmişdir.
“Azərsığorta”nın Milli Məclisin deputatlarının, hakimlərin, Silahlı Qüvvələrin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci ilin yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) keçib.
Hazırda “Azərsığorta” brendi altında fəaliyyətini uğurla davam etdirən Dövlət Sığorta Şirkəti bütün ölkə üzrə geniş filial şəbəkəsinə malikdir. Şirkət yeni biznes strategiyası ilə bazardaki mövqeyini daha da gücləndirmək üçün inamlı addımlar atmaqda davam edir. Şirkət tam şəkildə yenilənmə mərhələsi keçməkdədir. İslahatlar və yeni layihələr nəticəsində şirkət sığorta bazarında yeni imkanlar yaradaraq bazarın əsas iştirakçısına çevrilməkdə davam edir.