Kiyev şəhər şurası Rusiya səfirliyinin binasının yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsini ləğv edib və Ukrayna hökumətini binanı müsadirə etməyə çağırıb.
Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib.
“Bu gün Kiyev Şəhər Şurası Rusiya səfirliyi ilə torpaq icarəsi müqaviləsinə xitam verdi. Həmçinin Ukrayna Nazirlər Kabinetinə “diplomatik qurumun” əmlakının Ukrayna dövlətinin mülkiyyətinə qaytarılması üçün müraciət edilib ”, -deyə Kliçko “Telegram” kanalında yazıb.
Ukraynanın “Zerkalo Nedeli” nəşrinin məlumatına görə, 120 üzvü olan Kiyev Şəhər Şurasının 73 deputatı bu qərarın lehinə səs verib.
Qeyd edək ki, aprelin əvvəlində “Xalqın qulluqçusu” partiyası Rusiya səfirliyinin binasının yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi təklifi ilə çıxış edib. Partiya həmçinin Ukrayna hökumətinə diplomatik nümayəndəliyin binasını milliləşdirməyi təklif edib.