9 C
Baku
Monday, November 18, 2024

Şadlıq saraylarında qiymətlər kəskin artdı – Yeni QİYMƏTLƏR

Şadlıq saraylarında qiymətlər kəskin artıb.

Belə ki, şadlıq saraylarında menyuların qiymətində 20-30% artım müşahidə olunur.

Məsələn, əvvəllər 130-140 manata təklif olunan bahalı menyuların qiyməti hazırda 170-190 manat arasında dəyişir. Nisbətən aşağı qiymətli menyularda isə artım daha az hiss olunur. Bir neçə ay əvvəl 50 manata təklif olunan menyunun qiyməti isə 60 manata qədər artıb.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən “DAİR” Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, şadlıq saraylarında qiymətlərin artması  ərzaq məhsullarının bahalaşması ilə bağlıdır:

“Biz bilirik ki, şadlıq saraylarında təqdim olunan xidmətlər qidalarla bağlıdır. Yəni, onların xammalı ərzaq məhsullarıdır və onların bahalaşması menyu qiymətlərinə də təsir edib. Digər tərəfdən, həmin yemək və xidmətlərin maya dəyərinə təsir edən başqa amillər də var.

Burada həm də orta əməkhaqqının artmasını qeyd etmək olar. Razılaşarsınız ki, bu ildən minimal əməkhaqqı artıb və ümumiyyətlə, orta əməkhaqqı ölkə üzrə artıb. Bu da başqa xidmətlərin maya dəyərinə birbaşa təsir edən amildir.

Məsələyə fərqli bir aspektən baxarsaq görərik ki, kommunal xərclərin bəzilərinin artması da istehsal olunan xidmətlərin qiymətinə təsir göstərir. Bütün sadalananlar birbaşa qiymət formalaşmasına təsir göstərir.

Təbii ki, fürsətçilik də müşahidə edirik. Yəni, bəzi şadlıq sarayları süni qiymətin artırılmasına əl atırlar. Onlar çalışırlar ki, daha çox qazanc əldə etsinlər. Amma bu halda daha keyfiyyətli xidmətlərin göstərilməsinə diqqət yetirmirlər”.

Son xəbərlər
Digər xəbərlər