Braziliya məhkəməsi “Telegram” tətbiqinin ölkədə bloklanmasına qərar verib, Banker.az bu barədə TASS-a istinadən xəbər verir. Tətbiqin fəaliyyətinin bloklanması ilə bağlı müvafiq əmr günün sonuna kimi mobil operatorlara və mobil cihazlar üçün tətbiq mağazalarının administrasiyalarına göndəriləcək.
Hüquq-mühafizə orqanları “Telegram”dan onlara təhsil müəssisələrinə hücumlarda iştirak etdiyi iddia edilən neonasist qrupların üzvləri və idarəçilərin məlumatlarını verməsini tələb ediblər. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, messencerin nümayəndələri onlara bu məlumatları təqdim etməyiblər.
Bloklama ilə yanaşı, məhkəmə həmçinin hüquq-mühafizə orqanlarına məlumat təqdim etmədiyinə görə “Telegram”ı 1 milyon real (təxminən 200 min dollar) cərimələyib.