Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, 1. İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 (on) il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 %-i qədər dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək.
Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydasını on beş gün müddətində dövlət başçısı ilə razılaşdırmaqla təsdiq etməli, maliyyə yardımının ödənilməsi ilə bağlı tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməli, fərmanın icrası barədə ildə bir dəfə ‒ hər il aprelin 1-nə qədər prezidennə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi isə Maliyyə Nazirliyi və Energetika Nazirliyi ilə razılaşdırmaqla, fərmanın icrası ilə bağlı 2023-cü ildə tələb olunan vəsait barədə təkliflərini on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməli, fərmanın icrası ilə bağlı illik icmal hesabatı növbəti il fevralın 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.