20 C
Baku
Friday, November 1, 2024

Əliyev: “Azərbaycan ilə İran arasında münasibətlər çox aşağı səviyyədədir və onların normallaşması İran hakimiyyətinin fəaliyyətindən asılıdır”

Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların normallaşması İran hakimiyyətinin fəaliyyətindən asılıdır. Bunu Prezident İlham Əliyev mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir. Proqnozlaşdırma çox mürəkkəbdir. Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”, – deyə Əliyev vurğulayıb.

O əlavə edib ki, 2023-cü ilin yanvar ayındaAzərbaycaın İrandakı səfirliyinə hücum diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi. “Çünki həmin binada nəinki bizim səfirliyimiz, o cümlədən ailələrin yaşadığı mənzillər də yerləşir. Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər. Bir sözlə, həmin şəxs səfirliyə daxil olduğu zaman təhlükəsizlik əməkdaşlarımız silahsız idi. Onun əlində “Kalaşnikov” avtomatı var idi. O, girən kimi atəş açdı, birini qətlə yetirdi, digərlərini yaraladı. Yalnız bir cəsur əməkdaş əliyalın olaraq, onu silahsızlaşdırdı və sıxıb çölə çıxara bildi. Sonra 40 dəqiqə ərzində nə polis, nə təhlükəsizlik əməkdaşı, heç kəs görsənmədi. Qırx dəqiqə ərzində o, yenidən soxulmağa cəhd etdi… Bunun əvvəlcədən təşkil olunmadığı ilə bağlı şübhə qalırmı? Hazırda Tehrandakı səfirliyimiz bağlıdır. Bu, mənim qərarımdır, çünki mənim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir”, – deyə dövlət başçısı vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər