9 C
Baku
Thursday, December 12, 2024

Cərimələrin məbləği yoxlayıcı orqanların fəaliyyətini qiymətləndirmək üçün nəzərə alınmayacaq

Yoxlayıcı orqanın (yoxlayıcıların) fəaliyyətinin qiymətləndirilməsi qaydası məlum olub.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni – 1-1-ci fəsildə əksini tapıb.

Layihəyə əsasən, yoxlayıcı orqanlar fəaliyyətlərinin qiymətləndirilməsi barədə hesabatlar hazırlamalıdırlar. Bu hesabatlar növbəti ilin fevralın 15-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmalıdır.

Qiymətləndirmə üçün yoxlayıcının bu Qanunda göstərilən vəzifələrinin icra vəziyyəti təhlil olunur. Bu məqsədlə toplanmış məlumatlar etibarlı, obyektiv və dəqiq olmalıdır.

Yoxlayıcı orqanının fəaliyyətinin qiymətləndirilməsi meyarları azı aşağıdakıları əhatə etməlidir:

-yoxlayıcı orqanın nəzarət fəaliyyətinin icrası ilə bağlı məlumatlar;

-yoxlama obyektləri üzrə sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilmə vəziyyəti ilə bağlı məlumatlar;

– müəyyən olunmuş nəzarət sahəsində risk səviyyəsinin tədricən azalması ilə bağlı hədəflərə nail olmaqla əlaqədar məlumatlar;

– yoxlama prosesində sahibkarın hüquqlarının pozulması və ya əsassız surətdə məhdudlaşdırılması ilə bağlı müraciətlərin təhlili.

Yoxlamaların dövriliyi, yoxlama zamanı aşkar edilmiş pozuntuların və onlara görə tətbiq edilən məsuliyyət tədbirlərinin sayı, cərimələrin və maliyyə xarakterli digər sanksiyaların məbləği yoxlayıcı orqanların fəaliyyətini qiymətləndirmək üçün nəzərə alınmır.

Yoxlayıcı orqan fəaliyyətinin qiymətləndirilməsi üçün aşağıdakıları müəyyən edir və bu Qanunda nəzərdə tutulan hesabatına əlavə edir:

– yoxlayıcı orqanın illik və uzunmüddətli məqsədlərini;

– yoxlayıcı orqanın fəaliyyətini və məqsədlərə nail olma dərəcəsini qiymətləndirmək üçün meyarları.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər