11 C
Baku
Friday, November 15, 2024

Latviya kapitallı BOKT Azərbaycandakı ilk iki ilində kapital çatışmazlığı ilə üzləşib – Pullar hara gedib?

Latviya kapitallı bank olmayan kredit təşkilatı “SF Azerbaijan” MMC (Manato.az) 2022-ci ili də zərərlə bitirdi və hələ ki, əlindəki vəsaitləri tam olaraq əsas fəaliyyətinə yönəldə bilmədi, üstəlik borclar da böyüməkdədir.

Banker.az “SF Azerbaijan” BOKT-ın illik audit hesabatına istinad edir.

2021-ci ildəki 338 577 manat xalis zərərdən sonra 2022-ci ildə 400 684 manat zərər etməklə balansında yığılmış zərəri 739 261 manata yüksəlib. Səhmdarı BOKT-u təsis edərkən, onu 300 000 manat nizamnamə kapitalı ilə yaradıb və bu, AMB-nin qoyduğu minimal normativə uyğundur. Bu zərərlərdən sonra BOKT-un kapitalında 439 261 manatlıq kəsr (defisit) yaranıb – kapital çatışmazlığı ilə üzləşib.

Adətən, bu cür bizneslərdə ilk iki ili zərərlə bitirə bilirlər, lakin “SF Azerbaijan” BOKT-da kapital çatışmamazlığı, onun növbəti illərdə səhmdarının yenidən cibinə əl atmağını labüd edir.

BOKT-un öncəki ildə də əlində pulu az olduğu üçün borca əl atmışdı. Tərəfdaşları tərəfindən verilən borcu son il 302 448 manatdan 573 639 manata yüksəlib.

Pullar hara gedir?

2021-ci ildə kredit təşkilatı pulları heç bir aktivə yatırmadığı üçün öncəki ildə gəlirdən məhrum idi. Lakin, 2022-ci ildə əlindəki vəsaitlərin 75 002 manatı əmlak və avadanlıqlar alışına, 2 070 manatı müştərilərə kredit verməyə 7 284 manatı digər aktivlərə yönəldib və 50 022 manatı isə bank hesabında nağd pul kimi əlində saxlayıb.

Biznes fəaliyyətə yeni başladığı üçün cəmi 270 manat faiz gəliri və 15 387 manat məzənnə fərqindən gəlir əldə edib. Əvəzində 416 340 manatlıq inzibati və digər əməliyyat xərcləri ilə üzləşib və bunun da (248 121 manatı menecment xidməti ilə əlaqəlidir.

“SF Azerbaijan” BOKT 2021-ci ildə 300 000 manat nizamnamə kapitalı ilə Latviyanın Riqa şəhərində qeydiyyatda olan “Sun Finance Central Asia, AS” tərəfindən yaradılıb.

Manato.az (SF Azerbaijan) – bank kreditoru olmayan, gözlənilməz xərclərin yarandığı vəziyyətlərdə kredit təklif edən təşkilatdır. Təşkilat 1, 2 və 4 həftəlik kreditlər təklif edir. Məsələn, ilk müştəri olduğunuz təqdirdə bir aylıq 1000 manatlıq borc üçün 50 manat faiz borcu və üstəlik borcalanın üzərinə 120 manat komissiya ödənişi qoyur. Nəticədə, borcalanın 50+120=170 manat bir aylıq borc üçün ödəniş məcburiyyəti ortaya çıxır. Bu, komissiya təklif edilmədən bir bankın bir aya (diqqət: bir ilə yox) 17%-lik borc təklifidir.

Son xəbərlər
Digər xəbərlər