Düzgün cavab verin: sizin vaxtınızın böyük bir hissəsi nəyə sərf olunur? Əlbətdə ki, tıxaclara.
Əksəriyyətimiz işə,dərsə və yaxud idman zalına getdikdə nəqliyyatdan istifadə edirik. Lakin zirvə saatında nəqliyyat vasitələrinin hərəkəti dayanır. Avtomobillər yaranmış boşluqların arası ilə getməyə fürsət axtarırlar.
Radioda reklamlar səslənir. Bir söz ilə əsəb və əzab…Gəlin zirvə saatında nə ilə məşul ola biləcəyimizi düşünək. Axı bu qədər boş yerə sərf olunmuş vaxta insanın heyfi gəlir!
Ona görə də vaxtımızı səmərəli keçirməyə çalışaq.
İlk növbədə, audio kitablara qulaq asa olar. Çünki çox zaman bizim kitab oxumağa vaxtımız olmur.
Dünyada isə o qədər maraqlı kitablar var! Audio kitablara qulaq assaq həm vaxtımızdan səmərəli istifadə etmiş olacağıq, həm də özümüz üçün yeni kəşflər edəcəyik.
Həmçinin yaxşı əhval-ruhiyyə yaradan mahnılara qulaq asa bilərik. Özlərində xoş xatirə əks etdirən mahnılara…
Bəzən sakitlik bizim ən yaxşı yoldaşımız olur. Çox vaxt gündəlik həyatın səs-küyündən biz istirahətin nə olduğunu unuduruq. Sadəcə sakitliyin səsini dinləmək, gün ərzi baş vermiş hadisələr haqqında düşünmək və gələcəyimizə aid planlar qurmaq olar. Lakin əgər siz sükan arxasındasınızsa, düşüncələrə qapılıb harada olduğunuzu unutmaq lazım deyil. Ehtiyyatlı olun.
Həmçinin təfəkkürü inkişaf etdirən məşqlər də etmək olar. Bu çox xeyirli məşğuliyyətdir.
Bir neçə misal gətirək:
1 . Sözləri axırdan əvvələ tələffüz etməyə çalışın. Məsələn, pişik – kişip, it – ti və s. Qısa sözlərdən sonra uzun sözlərə də keçə bilərsiniz.
2 . Ağlınızda rəqəmləri toplayın. İkirəqəmli saylardan başlayaraq dördrəqəmlilərə qədər hesablama aparmaq olar. Çıxmalar, bölmələr, vurmalar da etmək olar.
3 . Əlifbanın hər hərfinə həmən hərflə başlayan üç söz fikirləşin. Məsələn, A – araba, ağac, ayaq; B – baş, bina, banan; C – cücə, ceyran, cümlə və s.
Beləliklə, həm vaxt tez keçəcək, həm də səmərəli işlə məşğul olmuş olacağıq.
Vaxtı boş yerə sərf etməyin!