Dünya Bankı (DB) 2023-cü ilin birinci rübü üzrə neftin orta qiymətini açıqlayıb.
Bu barədə Dünya Bankının əmtəə qiymətləri ilə bağlı hesabatında bildirilib. DB “Brent” markalı neftin orta qiymətinin 2023-cü ilin birinci rübündə 81.4 ABŞ dolları olduğunu açıqlayıb. Fevral ayında orta qiymət 82.7 dollar, mart ayında 78.5 dollar, aprel ayında isə 84.1 dollar təşkil edib. Bu isə o deməkdir ki, mart ayı ilə müqayisədə aprel ayında neftin orta satış qiyməti 7.1% artıb.
WTI markalı neft isə 2023-cü ilin birinci rübündə 76.1 dollara ticarət edilib. Dünya Bankının hesablamasına görə, fevral, mart və aprel aylarında WTI neftinin orta qiyməti müvafiq olaraq 76.8 dollar, 73.4 dollar və 79.4 dollar təşkil edib.
Qeyd edək ki, Dünya Bankı 2023-cü ildə “Brent” neftinin qiymətinin 84 dollar, 2024-cü ildə isə 86 dollar təşkil edəcəyini proqnozlaşdırıb. Bankın əmtəə qiymətləri proqnozuna görə, bu il enerji qiymətləri 26%, neftin qiyməti isə 16% azalacaq.