16 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə İnvestisiya Xəritəsi hazırlanır

Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə İnvestisiya Xəritəsi hazırlanır. Məqsəd bu sahəyə investisiyalar cəlb etməkdir.

Bunu Bakıda keçirilən “Gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri və Maliyyə Akademiyası” mövzusunda təlim proqramında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov bildirib.

O, ölkəmizin BMT-yə üzv olduğu tarixdən etibarən təşkilatla əməkdaşlığının uğurla davam etdiyini, bu müddətdə təşkilatın müxtəlif ixtisaslaşmış qurumları ilə bir sıra layihələrin icra olunduğunu diqqətə çatdırıb.

“Bu layihə çərçivəsində bu ilin noyabr ayında Bakıda DİM-lərin həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi üçün BMT-nin İnkişaf Proqramı ilə birgə “Dayanıqlı İnkişafa dair ikinci Bakı Forumu”nun keçirilməsi nəzərdə tutulur. DİM-lərin icrasında maarifləndirmənin əhəmiyyətini böyükdür və bu günkü təlim proqramı bu xüsusda vacibdir”, – deyə nazirlik rəsmisi qeyd edib.

Təlim proqramında ADA Universitetinin icraçı prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin”dən irəli gələn DİM-lərin tələbələr arasında təbliği, onların bu sahədə baxışlarının formalaşdırılması üçün təlimin keçirilməsinin əhəmiyyətindən danışıb.

BMT-nin İnkişaf Proqramının Ölkə üzrə Rezident Nümayəndəsi Nuno Queiros DİM-in Azəbaycanda icrası istiqamətində təmsil etdiyi qurumun hökumələ səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib, həyata keçirilən layihələrin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy”in Azərbaycanda səmərəli icrası baxımından əhəmiyyətini vurğulayıb,.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, BMT-nin Əhali Fondunun Ölkə üzrə Nümayəndəliyinin rəhbəri Fərid Babayev dayanıqlı inkişafın təmin olunmasında keyfiyyətli təhsilin rolu, gənclərin qlobal məqsədlərin uğurlu icrası istiqamətində yetərli bilik və bacarıqlara yiyələnməsi, qlobal siyasi müzakirələrin həllində fəal rol almalarının önəmindən danışıblar.

İnteraktiv sessiyalarla davam edən tədbirdə müvafiq dövlət orqanları və BMT-nin İnkişaf Proqramının nümayəndələrinin moderatorluğu, ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə “Sağlamlıq və rifah üçün səhiyyə sistemi”, “Keyfiyyətli və ömürboyu təhsilə nail olmaq istiqamətində sosial dialoqun təşkili və maliyyənin təmini” və “Kənd təsərrüfatı texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” layihələri müzakirə edilib, iştirakçılara sertifikatlar verilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər