Son günlər ölkə mediasında yayılan xəbərlərə görə, yaxın vaxtlarda qanunsuz tikililərin, yəni çıxarışı, sənədi olmayan yaşayış evlərinin də sığortalanacağı bildirilir. Bunun üçün Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən birgə ideya layihəsinin hazırlandığı vurğulanır. Layihədə qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçməsi və qanuna uyğunlaşdırılması ilə bağlı proses nəzərdə tutulur.
Məlumatda, həmçinin layihənin reallaşdırılmasından sonra 500 mindən çox müxtəlif təyinatlı yaşayış obyekti və fərdi evin sığortaya cəlb olunacağı qeyd edilir. Ekspertlərin sözlərinə görə, belə bir hal isə qanunsuz tikililərin sənədləşdiriləcəyini və onların sığortaya cəlb ediləcəyini şərtləndirir.
Birgə layihənin hazırlanması yekunlaşdırıldıqdan sonra vahid portal yaradılacaq və onun vasitəsilə bütün əmlakları qeydiyyatdan keçirmək mümkün olacaq. Bu da sığorta sektorunun inkişafına çox ciddi təkan verəcək. Prosesin bu ilin sonuna qədər yekunlaşdırılacağı gözlənilir. Beləliklə, respublikada daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub-olmadığına daha yaxşı nəzarət etməyə imkan verəcək.
Hazırda Azərbaycanda icbari sığorta sahəsində daha çox zəif inkişaf edən istiqamətlərdən biri mənzil və evlərin sığortasıdır. Ekspertlərin qiymətləndirmələrinə əsasən, təkcə Bakı şəhərindəki mənzil və evlərin qiyməti 50 milyard manata yaxındır. Azərbaycanda icbari sığortalara nəzarəti həyata keçirən qurumun – İcbari Sığorta Bürosunun açıqladığı məlumata görə, ötən ilin sonuna respublikada, ümumilikdə, 151 min ev və mənzil sığortalanmış vəziyyətdə olub. Mərkəzi Bankın baş direktoru Ziya Əliyevin sözlərinə əsasən, sığortalana bilən əmlakların potensial sayı 1 milyondur. Bu da əmlak sığortasında penetrasiyanın, yəni bazarın əhatə göstəricisinin 15 faiz olmasının təsdiqi deməkdir. Dəyişikliklərdən sonra isə bu rəqəmin azı 2 dəfə artırılması gözlənilir.
Ziya Əliyevin sözlərinə görə, ölkədə qeyri-yaşayış obyektlərinin sığortalı olub-olmamasına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Yaşayış evlərinin sığortasına nəzarət isə qanunla rayon icra hakimiyyəti orqanlarına həvalə edilir. Qanuna görə, əmlakını sığorta etməyənlərin cərimələnməsi də nəzərdə tutulsa da, bu sistem işləmir.
Bundan sonra isə evlərin sığorta olunub-olunmadığı elektron şəkildə müəyyənləşdiriləcək. Bunun üçün Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Reyestri Xidməti ilə İcbari Sığorta Bürosu inteqrasiya olunacaq. Artıq başlayan bu proses yaxın aylarda yekunlaşacaq. Beləliklə, müvafiq icra hakimiyyəti həm ölkədəki “kupçalı” evləri, həm də onlardan hansının sığorta edilib-edilmədiyini görə biləcək. Bu da onlara sığortası olmayan evlərə kabinetdən çıxmadan elektron şəkildə cərimə yazılmasına imkan verəcək.
Yeni qaydalarda sığorta olunmayan evlərin cərimələnəcəyi nəzərdə tutulur. Bəs belə olan halda ölkədə mövcud 500 minə yaxın “kupçasız” evin aqibəti necə olacaq? Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, daşınmaz əmlakın icbari sığortası ölkədə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün məcburidir. Bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab olunur.
Müvafiq qanunun digər tələbinə əsasən, yaşayış obyektlərinin icbari əmlak sığortası üzrə tarif və təminat məbləğləri regionlara görə dəyişir. Belə ki, Bakı şəhərində yerləşən yaşayış obyektlərinin icbari sığortası üzrə tarif 50 manat, sığorta təminatı 25 min manata qədər, Gəncə, Sumqayıt və Naxçıvanda sığorta tarifi 40 manat, sığorta təminatı 20 min manata qədər, digər şəhər və rayonlarda yerləşən yaşayış obyektləri üçün sığorta tarifi 30 manat, sığorta təminatı isə 15 min manata qədər müəyyənləşdirilir. Qeyri-yaşayış obyektlərində isə sığorta tarifləri həmin əmlakın yerləşdiyi yerə, təyinatına, həcminə görə, fərqləndirilir.
Nihat QORQUD ƏLİYEV,
iqtisadçı-ekspert
Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə ideya layihəsi ölkəmizdə mövcud olan və sığortalanmamış daşınmaz əmlakların sığortaya cəlb olunmasını təmin edə biləcək. Hazırda ölkə vətəndaşlarının icbari əmlak sığortasına olan yanaşma qaneedici deyil. Çünki statistikaya əsasən, hazırda respublika ərazisindəki yaşayış obyektlərinin 90 faizi, qeyri-yaşayış obyektlərinin isə 70 faizi icbari qaydada sığorta edilməyib. Söhbət sənədli əmlaklardan gedir. Bu da onu göstərir ki, bu sığorta növü üzrə bazar potensialı böyükdür və sistemli tədbirlər nəticəsində daşınmaz əmlakın icbari sığorta növü üzrə penetrasiya ən az 2-3 dəfə artırıla bilər. Çıxarışsız əmlaklar da qanunvericiliyə əsasən, sənədləşdirildikdən sonra qurulmaqda olan elektron sistem vasitəsilə avtomatik olaraq sığortaya cəlb olunacaq.
Onu da vurğulayım ki, daşınmaz əmlakın icbari sığortası növündən istifadə etməyən mülk sahibləri müəyyən cərimə ilə üzləşə bilərlər. Belə ki, daşınmaz əmlakların satınalması və girov əməliyyatları zamanı bu sığorta növü aidiyyəti qurumlar tərəfindən mütləq tələb olunur.
Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində, daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə müəyyənləşdirilib. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə, inzibati məsuliyyətə cəlb olunduqda 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır.
V.BİNYATOĞLU, “Xalq qəzeti”