Azərbaycanda kərə yağının qiymətləri ucuzlaşır və buna səbəb idxaldakı qiymətlərin əvvəlki ildən bir qədər azalmasıdır.
Banker.az xəbər verir ki, 2023-cü ilin aprel ayında ölkədə idxal olunmuş kərə yağının orta qiyməti bazarda 20.23 manata satılıb. Bu bir ay öncə hər kiloqram üçün 20.27 manat idi. Fevralda isə 20.30 manat/kq təşkil edirdi.
Yerli istehsal olan kərə yağlarının qiyməti isə hələ ki, düşmür. 1 kiloqramı 19.40 manata satılır.
Yerli bazarda supermarketlərdə də kərə yağı əvvəlki aylarla müqayisədə hər kiloqram üçün daha ucuz satılır. Bəzi supermarketlər Yeni Zelandiyanın “Anchor” kərə yağının qiymətini 19.80 manat/kq-dan 19.00 manat/kq-ya endiriblər. Bu eyni ilə digər kərə yağlarında da müşahidə edilməkdədir.
Azərbaycan ötən il kərə yağı istehsalını illik müqayisədə 8.3% azaldaraq 24 733.3 tona salmışdı. Əvəzində xaricdən 17 295.5 ton həcmində kərə yağı idxal etmişdi və bunun da idxal dəyəri $99.71 mln. idi.
Cari ilin ilk 4 ayında ölkə kərə yağı istehsalını daha 1.7% azaldıb və istehsal həcmi cəmi 8 938.8 ton olub. Əvəzində xaricdən 6 197.6 ton və ya $34.44 mln.-luq idxal həyata keçirib.
İlin ilk rübündə Azərbaycanda kərə yağının pərakəndə satış həcmi 40.79 mln. manat olub. Ötən il bu rəqəm 33.33 mln. manat idi.