Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, mövzunu “vergiler.az”a hüquqşünas Səməd Vəkilov şərh edir.

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər torpaq vergisinin (Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi istisna olmaqla) ödəyiciləridir.

Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanılır. Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır.

Fiziki şəxslər və bələdiyyə müəssisələri özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyələrdə uçota durmalıdırlar. Torpaq üzərində fiziki şəxsin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin əsasında yaranır.

Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə edilməsidir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə, torpaqdan daimi istifadə hesab olunur. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün on beş ildən doxsan doqquz ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə on beş ildən qırx doqquz ilədək müəyyən oluna bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara görə torpaq vergisi hesablanmadığı üçün belə torpaqlar digər şəxslərə icarə və digər əsaslarla istifadəyə verilərkən torpaq vergisinin vergitutma obyekti yaranır və torpaq vergisi onu icarə və digər əsaslarla istifadəyə götürən şəxslər tərəfindən ödənilir.

Vergi Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir.

Məcəllənin 206.1-1-ci maddəsində isə göstərilib ki, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.

Torpaqların kadastr qiyməti rayonlar və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir.

Müvafiq icra hakimiyyəti orqanının verdiyi (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə) arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının 1 hektarının şərti balı kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli Qərarı ilə müəyyənləşdirilmişdir. Həmin Qərara əsasən, biçənəklər, örüşlər və otlaqlar (yay və qış otlaqları da daxil olmaqla) üçün torpaqların 1 hektarının şərti balları müvafiq kadastr qiymət rayonlarının əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqlarının I keyfiyyət qrupu üçün müəyyənləşdirilmiş şərti balların 1/10-i miqdarında qəbul edilir.

Fiziki şəxslərə torpaq vergisi torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən müvafiq ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanılır.

Misal 1. Tovuz rayonundakı kəndlərdən birində fiziki şəxsə məxsus 5.000 m2 sənaye təyinatlı torpağın vergi məbləğini hesablayaq. Vergi qanunverciliyinə əsasən, 10.000 m2 qədər olan bu təyinatlı torpaq sahəsinin vergi dərəcəsi 2 manatdır. Buna əsasən, həmin fiziki şəxsin ödəyəcəyi torpaq vergisinin məbləği 10.000 manat olacaq:

5.000×2 = 10.000 manat.

Misal 2. Bəs Tovuz rayonunda 1.000 m2 həyətyanı torpaq sahəsi olan fiziki şəxs nə qədər torpaq vergisi ödəməlidir? Vergi qanunverciliyinə əsasən 10.000 m2 qədər olan bu təyinatlı torpaq sahəsinin vergi dərəcəsi 0,3 manat müəyyən olunub. Buna əsasən, həmin fiziki şəxsin vergi öhdəliyi 30 manat təşkil edir:

1.000 x 0,3 = 30 manat.