Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək” perspektiv strukturunda axtarış-kəşfiyyat işlərini sürətləndirmək məqsədilə SOCAR xarici şirkətlərlə danışıqlar aparır.
Bunu 28-ci Bakı Enerji Forumu zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, qeyd olunan işlərin başlanılması üçün bu ilin 10 may tarixində Fransanın “TotalEnergis” şirkəti ilə anlaşma memorandumu imzalanıb.
Xöşbəxt Yusifzadə onu da əlavə edib, əgər “Ümid” yatağının ehtiyatları 200 mlrd. kubmetr həcmindədirsə, “Babək” strukturunun ehtiyyatları bundan iki dəfə çox ola bilər.
O bildirib ki, ümumilikdə SOCAR-ın qarşısında “Ümid” və “Abşeron” yataqlarında qazma işlərinin intensivliyinin artırılması, “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl” və “Şəfəq Asiman” perspektiv strukturlarında aparılan axtarış-kəşfiyyat işlərinin nəticələrinin yenidən qiymətləndirilməsi, bu ərazilərdə yeni quyuların qazılması və bu layihələrin icrasının sürətləndirilməsi məsələləri durub.
Qeyd edək ki, qarşıdakı dövrdə “Ümid” yatağında daha bir platformanın (“Ümid-2”) tikilib quraşdırılması, yaxınlıqdakı “Babək” strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılıb. “Ümid-Babək” blokundan hasil olunacaq qaz və kondensat çıxarılan məhsul tikilən “Daşgil-2” terminalına sualtı boru xətti vasitəsilə çatdırılacaq.
“Ümid” yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.
Xatırladaq ki, 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.