Çin neft hasilatını artırır və enerji idxalından asılılığını azaltmaq üçün dərin sularda qazma işlərinə böyük sərmayə qoyur.
Qeyd olunub ki, dünyanın ən böyük neft idxalçısı tədarükünün 70%-dən çoxunu xaricdən alır, halbuki minilliyin əvvəlində isə bu rəqəm 10%-dən az idi.
Odur ki, Çinin üç ən böyük dövlət neft şirkətindən biri olan “China National Offshore Oil Corp” dərin sularda qazma texnologiyasının inkişafına böyük vəsait xərcləyir.
Çin neft şirkəti Çin və Koreya yarımadası arasındakı Bohai körfəzini ölkənin ən böyük neft yatağına çevirib və dövlət şirkətləri Cənubi Çin dənizinin şərqində Liuhua və digər yataqları genişləndirir. Ötən il Çinin neft hasilatının 60%-i dəniz quyularının payına düşüb.
ABŞ analitikləri vurğulayırlar ki, Chevron və Shell kimi böyük neft şirkətləri hələ də sektorun ən qabaqcıl oyunçularıdır, dənizin daha sərt və dərin hissələrində qazma işləri aparmaq üçün texnoloji imkanlara malikdirlər, lakin Çin şirkətləri bu boşluğu sürətlə doldurur.
Çin enerji idxalı marşrutlarını mümkün qədər artırmağa və şaxələndirməyə çalışır. Beləliklə, Rusiyadan Qazaxıstanın şimal ərazilərindən keçməklə Çinə qaz kəmərinin çəkilməsi məsələsi hazırda fəal müzakirə olunur.
Həmçinin, Çinə təbii qaz satışını artırmaq üçün Rusiya Pekinlə illik gücü 50 milyard kubmetr olan ikinci “Sibirin Gücü 2” qaz kəmərinin tikintisi üçün danışıqlar aparır.