Amerikalı biznesmen Corc Soros 25 milyard dollarlıq investisiya biznesini 37 yaşlı oğlu Aleksandr Sorosun nəzarətinə verməyi planlaşdırır.
Bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
Aleksandr Soros 2022-ci ilin dekabrında Açıq Cəmiyyət Fondunun direktorlar şurasının sədri seçilib. O, həmçinin Sorosun siyasi fəaliyyət komitəsinin prezidenti təyin edilib. Aleksandr, həmçinin Sorosun sərvətini idarə edən “Soros Fund Management” şirkətinə nəzarət edən investisiya komitəsində işləyir.
Qəzet qeyd edir ki, Corc Soros əvvəllər varidatına nəzarəti uşaqlarına verməyi planlaşdırmadığını bildirib. Lakin sonradan Aleksandr “atasının etimadını qazanıb” və onu işgüzar səfərlərdə əvəzləyib.
WSJ-yə müsahibə verən Aleksandr Soros amerikalı solçu siyasətçiləri dəstəkləməyə davam etməyi planlaşdırdığını bildirib. Aleksandrın sözlərinə görə, o, Corc Sorosdan “daha çox siyasi fəaldır”.
Aleksandr Soros əlavə edib ki, onun fikirləri atasının fikirləri ilə üst-üstə düşür.