Satınalan təşkilat açıq tender metodunu nə zaman tətbiq edəcəyi məlum olub.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ehtimal olunan qiymət 100 000 manatdan aşağı olması satınalan təşkilatın açıq tender metodunu tətbiq etmək imkanını məhdudlaşdırmır.
Satınalan təşkilat açıq tender və ya ikimərhələli tenderdən yayınmaq və (və ya) təchizatçılar arasında rəqabəti məhdudlaşdırmaq məqsədilə eyni xüsusiyyətli (xarakterli, növlü, tipli) və ya bu Qanunla müəyyən edilən təsnifat kodları üzrə eyni sinifdə olan oxşar satınalma predmetini ayrı-ayrı hissələrə (müqavilələrə) bölə bilməz. Fərqli ünvanlarda aparılan tikinti-quraşdırma işləri üzrə satınalmalar ayrı-ayrı müqavilələrə bölünə biləcək.
Bu Qanunda qeyd olunan halda açıq tender ləğv olunur və ikinci dəfə elan edilir. İkinci dəfə elan olunan açıq tenderdə bu Qanunun tələbləri nəzərə alınmaqla, təklif təqdim edən təchizatçıların sayı azı iki olduqda, açıq tender baş tutmuş hesab olunacaq.
Qüvvədə olan qanuna əsasən, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduqda onların satın alınması açıq tender üsulu ilə aparılır.
Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti nəzərdə tutulan məbləğdən aşağı olduqda, satınalan təşkilat hər hansı satınalma metodundan istifadə edir. Satınalan təşkilat bu maddənin tətbiqi üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı müqavilələrə (yəni ayrı-ayrı qismlərə) bölə bilməz.
Ehtimal olunan qiyməti bu Qanunda nəzərdə tutulan məbləğdən yuxarı olan malların (işlərin və xidmətlərin) digər satınalma metodlarının tətbiqi ilə həyata keçirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etməsi şərti ilə aparıla bilər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsinə əsasən digər satınalma metodlarının tətbiqi barədə qərarını müraciət daxil olduğu gündən 10 bank günü ərzində qəbul edir.