Son günlər ölkədə müzakirə olunan əsas mövzulardan biri də taksi fəaliyyəti sahəsində qanunvericiliyə gözlənilən dəyişikliklərdir.
Dəyişikliklərin taksi sahəsində qiymətin kəskin artmasına gətirib çıxaracağını iddia edənlər var. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə qanunverciliyə dəyişikliklə bağlı müzakirələrin birində deyib ki, məqsəd taksilərin sayını deyil, taksi sifarişlərinin sayını azaltmaqdır. Nazir taksi xidməti sahəsində qiymətlərin birmənalı şəkildə artacağını bildirib.
Bəs bütün bunların real əsasları varmı?
Məlum olduğu kimi, hazırda taksi fəaliyyəti ilə məşğul olmaq üçün əsasən avtomobil və mobil telefonun olması kifayət edirsə, yaxın müddətdə bu siyahı xeyli genişlənəcək. Belə ki, taksi fəaliyyətini daşıyıcı buraxılış vəsiqəsi, onun istifadəsində olan nəqliyyat vasitəsinə buraxılış kartı, taksi operatoru isə icazə əsasında davam etdirə biləcək.
Bundan başqa, onlardan müəyyən sənədlər tələb olunacaq. Bunlar daşıyıcılar üçün avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinlərinin təşkili imkanı barədə sənədlər, sürücülərin narkotikə qarşı tibbi müayinələrinin nəticəsi barədə məlumatlar, sürücülərin hazırlıq kursunu keçməsi və digərləri ilə bağlı olacaq. Taksi sifarişi operatoru üçün tələb olunan sənədlərə isə onların istifadə etdiyi proqramlar barədə məlumatlar, taksi sifarişi xidmətinin göstərilməsi üçün Azərbaycan Respublikasının ərazisində yerləşən filial və nümayəndəliyi barədə məlumatlar daxildir.
Həmçinin indiyədək taksi fəaliyyəti ilə məşğul olan şəxslər fərqlənmə nişanı almaqdan yayınırdılarsa, bundan sonra bu, mümkün olmayacaq.
Şübhəsiz ki, tələblərin artması taksi xidmətinin maya dəyərini də artıracaq. Ancaq qiymət artımının hansı səviyyədə ola biləcəyi də maraq doğurur. Əvvəlcə ondan başlayaq ki, buraxılış vəsiqəsi üçün rüsum 7 il ərzində 125 manat, buraxılış kartı üçün isə 7 il ərzində 25 manatdır. Eyni zamanda, taksi operatoru üçün 7 il ərzində 3 min manat dövlət rüsumu müəyyən edilib.
Fərqlənmə nişanı almaq üçün isə vergi uçotunda durmaq tələb olunur. Fərqlənmə nişanı üçün aylıq ödəniş 9 manat, o cümlədən Bakı şəhərində 18 (2 əmsal tətbiq edilir) manatdır. Bununla yanaşı, sosial sığorta və icbari tibbi sığorta haqqı ödənilir.