Ən azından yaxın 1-3 il müddətində Azərbaycanın bank sektorunda gözlənilməz, qəfil baş verə biləcək hadisələr, təlatümlər olmayacaq. Bunu Trend-ə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov deyib.
Ə.Muradov hesab edir ki, Azərbaycanın bank sektoru hazırkı mərhələdə dayanıqlıdır: “Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və tədiyə balansında müsbət saldonun həcminin azalması şübhəsiz ki, bank sektoruna müəyyən təzyiqlər göstərir. Amma bu gün Azərbaycanın tədiyə balansında müsbət saldonun qorunub saxlanması o deməkdir ki, Azərbaycan iqtisadiyyatında ciddi, o cümlədən bank sektorunda təlatümlər gözlənilmir. Hər şey dünya bazarında neftin qiymətinin artması proqnozunun özünü doğrultması, ölkəyə gələn xarici valyutanın həcminin dinamikasından asılıdır”.
Onun sözlərinə görə, Azərbaycanda bank xidmətinə daha çox ehtiyac var: “Bu gün Azərbaycanda bankların sayı 43 deyil, daha az olarsa, o zaman bank xidmətləri inhisarlaşa bilər. Bu isə müsbət hal deyil. Mütəxəssis hesab edir ki, bu məsələdə əsas sözü bazar subyektləri – bank xidmətindən istifadə edənlər deməlidirlər”.
Ə.Muradov qeyd edib ki, bankların sayının az və ya çox olması bank xidmətlərinə olan tələbdən irəli gələ bilər: “Əgər bankın xidmətinə tələb varsa, onun sayı həmin tələbə uyğun formalaşacaq. Bu, bankların sayının təbii yolla formalaşmasıdır. Ancaq heç kim deyə bilməz ki, hər hansı bir ölkədə bankın sayı 50 və ya 20 olmalıdır. Söhbət göstərilən bank xidmətinin həcmindən gedir. O banklar daha keyfiyyətli, daha çeşidli, daha ucuz xidmət göstərərsə, demək, onlara tələb olacaq. Rəqabət də öz-özlüyündə öz işini görəcək. Hansı bankın xidməti baha, çeşidi azdırsa, həmin bankın xidmətinə ehtiyac qalmayacaq və düşünürəm ki, o banklar sıradan çıxacaq”.