Gürcüstan yaxın aylarda Polşa tərəfi ilə birlikdə pilotsuz uçuş aparatlarının kütləvi istehsalına başlayacaq.
Bu barədə qonşu ölkənin müdafiə naziri Cuanşer Burçuladze məlumat verib.
“İnfrastrukturu tam təchiz etmişik, yeni bina tikmişik, təmir etmişik və kütləvi istehsala başlamağa tam hazırıq. Bu ay artıq ölkəmizdə yığılmış beş pilotsuz uçan aparatı sınaqdan keçirmişik. Yaxın günlərdə olmasa da, avqust-sentyabr aylarında biz kütləvi istehsala başlayacağıq”, – Burçuladze “İmedi” telekanalına müsahibəsində bildirib.
Xatırladaq ki, 2022-ci ilin noyabrında məlum olub ki, Polşanın “WB Electronics” şirkəti və Gürcüstanın “Delta” dövlət hərbi elmi-texniki mərkəzi pilotsuz uçuş aparatları istehsal edəcək “Delta – WB” adlı birgə müəssisə yaradıb.