Avropa İttifaqı Moskvanın taxıl sazişini ləğv etmək qərarını pisləyib və onun mümkün qədər tez bərpa olunmasına çağırıb. Bu barədə Aİ-nin Rusiyadakı nümayəndəliyinin bəyanatında deyilir.
“Aİ Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə son qoymaq qərarını birmənalı şəkildə pisləyir. Biz Rusiyanı qərarını yenidən nəzərdən keçirməyə və Qara Dəniz Taxıl Təşəbbüsünün icrasını dərhal bərpa etməyə çağırırıq”, – mesajda deyilir.
İyulun 17-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, taxıl sövdələşməsinə dair sazişlər bu gün faktiki olaraq dayandırılıb.
Taxıl müqaviləsi 2022-ci il iyulun 22-də bir tərəfdən Türkiyə və BMT, digər tərəfdən isə Rusiya və Ukrayna nümayəndələri tərəfindən bağlanıb. Moskva və Kiyevlə ayrıca müqavilələr imzalanıb: birincisi Ukrayna taxılının üç limandan, o cümlədən Odessa, Yujnı və Çernomorskdan ixracı, ikincisi isə Rusiya taxılının və gübrələrinin ixracına yardım haqqında olub. Moskva dəfələrlə sövdələşmənin ikinci hissəsinin həyata keçirilmədiyini iddia edib.