“Citigroup”un qlobal əmtəə araşdırmalarının rəhbəri Ed Morse “Bloomberg TV”yə bildirib ki, dünya bazarında neftin qiymətinin bir barel üçün 70 dollardan aşağı düşməsi ehtimalı azdır və eyni zamanda 90 dollardan yuxarı qalxması da mümkün deyil.
Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
“Neftin qiymətini bir neçə faktor dəstəkləyir. Onlardan biri neftin bir barelinin 70 dollardan aşağı olmasını istəməyən və bunun qarşısını almaq üçün qərarlar qəbul etməyə hazır olan Rusiya və OPEC-dir”, – deyə Morse bildirib.
Neft bazarı yanacaq qıtlığı və profisiti arasında dəyişəcək: profisit qiymətləri 20 dollara endirmək üçün kifayət etməyəcək, defisit isə qiymətləri bir barel üçün 100 dollara çatdıracaq qədər ciddi olmayacaq.
Dünən Moskva vaxtı ilə saat 21:50-yə olan məlumata görə, “Brent” markalı neftin fyuçersləri 1.6% artaraq 79.8 dollar/barelə çatıb. Aprelin sonundan bəri ilk dəfə idi ki, qiymətlər 81 dollar/barelə yüksəlib.
Rusiyanın avqust ayında xam neft ixracını sutkada 500 min barel azaldacağını və Səudiyyə Ərəbistanının hasilatı könüllü olaraq sutkada 1 milyon barel azaldılmasını bir ay müddətinə uzatmaq niyyətini açıqlamasından sonra yüksəlib. İyun ayında Rusiya, Səudiyyə Ərəbistanı və digər OPEC+ üzvləri neft hasilatına qoyulan məhdudiyyətlərin uzadılması barədə razılığa gəliblər: 2024-cü ildə OPEC+ ölkələrinin ümumi hasilat səviyyəsi gündəlik 40.46 milyon barel olacaq ki, bu da indikindən 1.4 milyon barel azdır. “The Wall Street Journal” Beynəlxalq Enerji Agentliyinə istinadən yazır ki, bu qərarları nəzərə alaraq, Rusiya OPEC+ ölkələri arasında Səudiyyə Ərəbistanını əvəzləyə və neft hasilatında lider ola bilər.