Oktyabrın 15-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) 2015-ci ilin 9 ayı üzrə fəaliyyətin yekunlarının müzakirəsinə və Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının cari idarəetmə statusuna dair kollegiya iclası keçirilib.
“APA-Economics” xəbər verir ki, iclası giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlıdünya iqtisadiyyatında inkişaf etmiş ölkələrin maliyyə sektoru və kapital bazarlarında normal və ahəngdar fəaliyyətin pozulması, iqtisadi artım tempinin səngiməsi ilə səciyyələnən proseslər fonunda Azərbaycanın maliyyə dayanıqlılığının yeni makroiqtisadi parametrlər çərçivəsində qiymətləndirildiyini vurğulayıb.
Sədr ötən hesabat dövrü ərzində qlobal iqtisadi meyllərə dayanıqlılıq nümayiş etdirən ölkə iqtisadiyyatının 3,7%, qeyri-neft sektorunun 6%-dən çox artdığını diqqətə çatdırıb. R. Aslanlı dünya iqtisadiyyatına sıx inteqrasiya şəraitində bir sıra risklərlə üzləşən ölkəmizin monetar mühitində baş verən dəyişikliklərin kapital bazarına təsirsiz ötüşmədiyini bildirib. Komitə sədri makroiqtisadi turbulensiya şəraitinin mövcudluğuna baxmayaraq, 2015-ci ilin 9 ayı ərzində qiymətli kağızlar bazarında əməliyyatların həcminin 9 milyard manata çatmasını yüksək göstərici kimi qiymətləndirib.
İclasın davamında QKDK-nın sədrinin müavinləri və aparatının rəhbəri çıxış edərək struktur bölmələr tərəfindən 2015-ci ilin 9 ayı üzrə strateji fəaliyyət planlarında nəzərdə tutulmuş tədbirlərin icra statusu barədə ətraflı məlumat veriblər.
Sonda komitə sədri növbəti strateji dövr üçün QKDK-nın qeyri-neft sektorunu ucuz, davamlı və rəqabətli maliyyə resurslarına çıxış ilə təmin edən, daxili və xarici təsirlərə yüksək dayanıqlılıq nümayiş etdirən qiymətli kağızlar bazarının formalaşdırılması missiyası çərçivəsində qarşıda duran vəzifələri layiqincə və yüksək səviyyədə yerinə yetirmək məqsədilə praktik və zəruri addımların atılmasının vacibliyini qeyd edib. R. Aslanlı “Qiymətli kağızlar bazarı haqqında” Qanunun tətbiqi ilə bağlı normativ-hüquqi bazanın tamamlanması, Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi çərçivəsində həyata keçirilən ticarət, hesablaşma və nəzarət sisteminin müvafiq qaydada tərtib olunaraq tətbiq olunması, “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası və ayrı-ayrı struktur bölmələr tərəfindən strateji planların müəyyən olunmuş müddət ərzində hazırlanması məsələləri üzrə effektivlik, peşəkarlıq və məsuliyyətin artırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlarını verib.