Mahmud Kərimov: “Ziyad müəllimin elmi fəaliyyətində Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinin araşdırılması xüsusi yer tutur”.
Asəf Nadirov: “O, mütəxəssis və iqtisadçı-alim kimi, eyni zamanda, sovet və postsovet dövrünün iqtisadi siyasətini daxildən qiymətləndirmək, onların prinsipial xüsusiyyətlərini göstərə bilmək imkanına malik tədqiqatçıdır”
Xalqın elmi, mənəvi, intellektual potensialının formalaşmasında ziyalılar aparıcı rola malikdirlər. Elm adamları bu potensialın əsasını təşkil edirlər. AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Əliabbas oğlu Səmədzadə isə həmin potensialın ən fəal daşıyıcılarındandır. Bu gün görkəmli alimin 70 yaşı tamam olur.
Ziyad Səmədzadə 1940-cı ildə Bakının Buzovna kəndində dünyaya göz açmışdır. 1961-ci ildə Bakı Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib təyinatla Azərbaycan EA-nın İqtisadiyyat İnstitutuna göndərilmişdir. Xeyirxahlıq, gənc elmi kadrlara qayğıkeş münasibətin hökm sürdüyü və uzun illər akademik Əhməd Mahmudovun başçılıq etdiyi bu səmimi kollektivdə respublikanın xalq təsərrüfatının ən ümdə iqtisadi problemlərinin tədqiqi ilə bağlı intensiv elmi axtarışlar aparılırdı.
1962-1964-cü illərdə Ziyad Səmədzadə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. Buradakı yaradıcı elmi mühit, nüfuzlu iqtisadçı alimlərlə şəxsi tanışlıq Z.Səmədzadənin tədqiqatçı kimi formalaşmasına müsbət təsir göstərmişdir. 1965-ci ildə o, elə həmin institutda namizədlik dissertasiyasını müdafiə etmiş, Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda elmi işçi, böyük elmi işçi, elmi katib, daha sonra “Xalq təsərrüfatının inkişaf sürəti və proporsiyaları” şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında iqtisad elmləri üzrə doktorluq dissertasiyası müdafiə edib. 1976-1978-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini, 1978-ci ilin avqust ayından 1982-ci ilin sonunadək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru, 1983-cü ilin yanvarında Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Mərkəzi Komitəsində İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və 1991-ci ilədək bu vəzifədə çalışmışdır.
1980-ci ildə Ziyad Səmədzadə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib.
Respublika ictimaiyyəti onu praktik-iqtisadçı, bacarıqlı təşkilatçı və nüfuzlu rəhbər, mütərəqqi iqtisadi ideyaların daşıyıcısı və fəal təbliğatçısı kimi tanıyır. O, 500-dən artıq elmi əsərin, bir çox sanballı elmi araşdırmaların, makroiqtisadiyyat, regional iqtisadiyyatın səmərəliliyi, təkrar istehsalın sürəti və proporsiyaları, bazar iqtisadiyyatı problemlərinə həsr olunan dəyərli monoqrafiyaların müəllifidir.
Respublikada iqtisad elminin bir sıra aparıcı istiqamətlərinin yaranması, formalaşması və inkişafı onun elmi fəaliyyəti ilə bağlıdır.
Görkəmli alimin doktorluq dissertasiyası “Əmək məhsuldarlığı və əhalinin məşğulluq strukturu problemləri” mövzusuna həsr edilmişdir.
Bu tədqiqat keçmiş sovetlər ittifaqında qeyd edilən problemlərin kompleks halda araşdırıldığı ilk sanballı iş kimi qiymətləndirilmişdir. O, ötən əsrin 70-ci illərində ilk dəfə olaraq respublika sənayesini səciyyələndirən materiallar əsasında istehsalın səmərəlilik göstəricilərini xalis məhsula görə hesablamış, iqtisadi artım, struktur problemlərinə dair konkret elmi nəticələr əldə etmişdir.
Ziyad Səmədzadə hələ qırx il bundan əvvəl qeyri-istehsal sahəsinin üstün sürətlə inkişaf etməsini və onun strukturunun yaxşılaşdırılmasını qanunauyğun hal və respublikanın tərəqqisi üçün əsas amil hesab edirdi. Bütövlükdə Azərbaycanın xalq təsərrüfatında əmək məhsuldarlığının dinamika və səviyyəsi, onun əsas amillərinin sistemli təhlili, iqtisadiyyatda struktur irəliləyişləri ilə qarşılıqlı əlaqəsinin analizi iqtisadi tərəqqi faktorları barədə dolğun elmi konsepsiyanın formalaşması məsələləri də Ziyad Səmədzadənin fəaliyyəti ilə bağlıdır.
Əmək məhsuldarlığı problemlərinə həsr edilmiş elmi əsərlər silsiləsinə görə 1974-cü ildə Z.Səmədzadə elm və texnika sahəsində mükafata layiq görülmüşdür. Alimin iqtisadi tərəqqi ilə məşğulluğun strukturu, milli gəlirin sürəti və proporsiyaları, əmək ehtiyatlarının sahə, ərazi proporsiyaları, urbanizasiya, səmərəlilik problemlərinin tədqiqinə həsr edilmiş “Əmək məhsuldarlığı və məhsulun strukturu”, “İctimai istehsalın strukturu və səmərəlilik”, “Əmək məhsuldarlığı və iqtisadi inkişafın proporsiyaları”, “Bakının sosial-iqtisadi inkişafı”, “1970-ci illərdə Azərbaycan iqtisadiyyatının inkişafı problemləri”nə həsr edilmiş sanballı monoqrafiyaları iqtisad elminə layiqli töhfə sayılır.
Sağlam düşüncəyə, sistemli təhlilin incəliklərinə bələd olan alimin elmi rəhbərliyi və bilavasitə iştirakı ilə keçən əsrin 80-ci illərində “Demoqrafik inkişaf və əmək ehtiyatlarından istifadə”, “Dağ rayonlarının sosial-iqtisadi inkişafı”, “Material tutumu”, “Enerji tutumu” adlı məqsədli proqramlar hazırlanmışdır. Bu proqramlar özünün konkretliyi və ünvanlı olması, hər bir şəhər və rayon, sahələr üzrə məqsədlərə nailolma mexanizminin mövcudluğu ilə fərqlənirdi ki, bu da keçmiş sərt planlaşma və idarəetmə sistemində mühüm nailiyyət hesab edilirdi.
Ziyad Səmədzadənin çoxcəhətli elmi fəaliyyətində regionların, o cümlədən Bakının sosial-iqtisadi inkişafının mühüm problemlərinin tədqiqi xüsusi yer tutur. Bu araşdırmalar əsasında 45 çap vərəqi həcmində monoqrafiya dərc edilmiş, konkret tövsiyələr hazırlanaraq ali idarəetmə orqanlarına təqdim olunmuşdur.
Ötən əsrin 80-ci illərinin sonlarında bizə kənardan zorla qəbul edilmiş Qarabağ probleminin ilk günlərindən akademik Ziyad Səmədzadə ermənilərin Azərbaycanın bu qədim diyarının “sosial-iqtisadi geriliyi haqqında” iradlarının təhlilinə başlamışdır. Azərbaycana qarşı irəli sürülən saxta ittihamlar, guya ermənilərin həyat səviyyəsinin aşağı olması, onlara qarşı sosial mədəni baxımdan ayrı-seçkilik edilməsi ilə bağlı iftiralar əsaslandırılmış dəlillərlə təkzib edilmişdir. Akademikin həmin dövrdə hazırladığı tədqiqatların əksəriyyəti geniş əks-səda doğurmuş “Dağlıq Qarabağ: naməlum həqiqətlər”, “Naqornıy Karabax: neizvestnaya pravda” adlı kitablarında öz əksini tapmışdı.
Z.Səmədzadənin elmi fəaliyyətində Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinin araşdırılması xüsusi yer tutur.
Akademik həmkarları ilə birlikdə bütövlükdə SSRİ və digər mütəffiq respublikalar üzrə külli miqdarda müqayisəli materiallar əsasında mürəkkəb elmi hesablamalar apararaq mərkəzləşdirilmiş plan-maliyyə sisteminə xas ciddi qüsurları üzə çıxardı və sübut etdi ki, respublikanın ərazisində yaradılmış milli gəlirdən istifadə etmək hüquqları yolverilməz dərəcədə məhduddur. Bu, Azərbaycanın iqtisadi müstəqilliyi haqqında qanun layihəsi üçün əsas götürüldü. 1989-cu ildə akademikin rəhbərliyi ilə Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinə həsr olunmuş respublika miqyaslı elmi-praktik konfrans keçirildi.
Respublikanın elmi qüvvələrini “Azərbaycan XXI əsrin astanasında” problemi ətrafında cəmləşdirmək üçün Z.Səmədzadənin əhatəli elmi təşkilatçılıq fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu deviz altında 1997-1998-ci illərdə keçirilmiş iki beynəlxalq elmi-praktik konfransın rəhbəri olmuş akademik həmin tədbirin yaradıcı qrupu ilə birlikdə müasir vəziyyətdən və bəşəriyyətin inkişaf perspektivlərindən çıxış edərək XXI əsrin ən mühüm problemlərini müəyyənləşdirməyə səy göstərmişdir. Akademikin elmi redaktəsi ilə “Azərbaycan XXI əsrin astanasında” üçcildliyi nəşr edilmişdir. Qeyd etmək lazımdır ki, üçcildliyə daxil edilmiş elmi düşüncələr mahiyyət etibarilə XXI əsrin mürəkkəb problemlərinin həllində Azərbaycan elminin iştirakını fəallaşdırmaq üçün ilk uğurlu cəhdlərdən biridir.
Ziyad Səmədzadənin yaradıcılığında şah əsər kimi qiymətləndirilən və 2004-cü ildə nəşr olunan ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Böyük yolun mərhələləri” adlı irihəcmli monoqrafiya (rus dilində) öz elmi tutumu, məntiqi və şərhi üslubuna görə fərqlənir. Burada Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri, spesifik cəhətləri, ümumi qanunauyğunluqları tədqiq olunmaqla onun perspektiv inkişafının konseptual əsasları araşdırılır.
Kitabın təqdimatı barədə respublika mətbuatında dərc edilmiş materiallar, xüsusilə də, görkəmli iqtisadçı-alimlərin, mütəxəssislərin, o cümlədən SSRİ Dövlət Plan Komitəsinin keçmiş sədri N.Baybakovun, akademik L.Abalkinin rəyləri sübut edir ki, həqiqətən, Z.Səmədzadənin bu kitabını bir çox müddəaların və nəticələrin məlumatlığı və əsasına görə yarım əsrdə Azərbaycanın iqtisadi inkişaf problemləri üzrə əsl ensiklopedik əsər kimi xarakterizə etmək olar.
Akademikin son illərdə gördüyü işlərdə Azərbaycan iqtisadiyyatı dünya təsərrüfatı sisteminin tərkib hissəsi kimi nəzərdən keçirilir. O, Azərbaycan iqtisadiyyatının inkişafını ümumdünya miqyaslı iqtisadi inkişaf kontekstində təqdim edir. Eyni zamanda, haqlı olaraq alim bu qənaətə gəlir ki, qloballaşma və ümumdünya inteqrasiya prosesinin dərinləşməsi şəraitində gənc suveren dövlətin milli dövlətçilik mənafeyinin, onun iqtisadi təhlükəsizliyinin təmin edilməsi çox böyük əhəmiyyət kəsb edir. Ziyad Səmədzadənin dövlətin iqtisadi təhlükəsizliyi probleminə həsr edilmiş 20 il bundan əvvəl apardığı tədqiqatları, məqalələri, elmi ideya və məruzələri mahiyyət etibarilə respublika iqtisad elminin yeni istiqamətinin yaranmasına güclü təkan vermişdir.
Alimin Çində, MDB məkanında və bir çox Avropa, Asiya ölkələrində yüksək dərəcədə qiymətləndirilən “Dünya iqtisadiyyatı: Çin iqtisadi möcüzəsi” (2001-ci il), “Çin qlobal dünya iqtisadiyyatında” (2009-cu il), “Kitay v qlobalnoy mirovoy ekonomike” (2010-cu il) əsərlərini də qeyd etmək yerinə düşərdi.
Akademik Ziyad Səmədzadə Çin iqtisadi fenomenini Azərbaycanda tədqiq edən ilk alimlərdəndir. O özünün dərin elmi-təhlili əsərləri, sanballı tədqiqat nəticələri ilə bu istiqamətdə mövcud fəaliyyətlərin ön sırasında dayanır. Həmin tələblər həm də keçid dövrünü dünyəvi dövlətə çevrilmiş Azərbaycan iqtisadiyyatının daha modern əsaslarda davamlı inkişafını təmin etmədə və möhkəmləndirilmədə beynəlxalq təcrübədən hərtərəfli faydalanmaq zərurətindən irəli gəlmişdir. Alimin fikrincə, indi Azərbaycanın ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı özünəməxsus iqtisadi inkişaf modeli vardır. XXI əsrin 10 ilə yaxın bir dövründə ölkə iqtisadiyyatının inkişaf dinamikası onu deməyə əsas verir ki, müstəqil dövlətimiz məqsəd və vəzifələri dəqiq müəyyənləşdirilmiş, keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verəcək Azərbaycan modeli əsasında inkişaf edir.
40 ildən artıqdır ki, görkəmli alim çoxsaylı simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edir. Strasburq və Stokholm, San-Fransisko və Barselona, İstanbul və Brüssel, Sidney və Paris, Moskva və Sankt-Peterburq, Kiyev, Vaşinqton, Akaba, Pekin şəhərlərində keçirilən tədbirlərdəki iştirakını misal göstərmək olar.
Z.Səmədzadə yeni ideya və üsulların, müasir iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. Bu ideyalar akademikin 1981-1992-ci illərdə baş redaktoru olduğu “Azərbaycanın xalq təsərrüfatı” jurnalının səhifələrində ardıcıl şərh edilmişdir. 1999-cu ildə akademik “İqtisadiyyat” adlı qəzet təsis etmişdir. Alimin “Azərbaycan iqtisadiyyatı Böyük Vətən müharibəsi illərində” mövzusu ilə əlaqədar apardığı tədqiqatlar da diqqətəlayiqdir. Z.Səmədzadə xalqımızın tarixində unudulmaz yer tutan bu dövrü arxiv sənədlərinə əsaslanaraq təhlil etmişdir.
Onun 2005-ci ildə və 2010-cu ildə Böyük Vətən müharibəsinin 60 və 65-ci ildönümləri ərəfəsində nəşr etdirdiyi “Bakı nefti olmasaydı, faşizm üzərində qələbə olmazdı” (“Bez Bakinskoy nefti ne bılo bı pobedı”) və “Qaliblər – Azərbaycan Böyük Vətən müharibəsi illərində” – “Pobediteli – Azerbaydjan v qodı Velikoy Oteçestvennoy voynı” adlı kitabları da maraqlı faktlarla zəngindir. Yaxın vaxtlarda Azərbaycan iqtisadiyyatı, “Bakı nefti Böyük Vətən müharibəsi illərində” adlı çox zəngin arxiv materiallarına əsaslanan 2 cildlik kitabları Azərbaycan və rus dillərində işıq üzü görəcəkdir.
Z.Səmədzadə dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasının təbliği sahəsində də yorulmaz fəaliyyət göstərir, neft strategiyasının, regionların tarazlı inkişafı ilə bağlı dövlət proqramının reallaşdırılmasının konkret nəticələrini əks etdirən xüsusi nəşrlər hazırlayır.
Z.Səmədzadə məsul vəzifələrdə unikal iş təcrübəsinə malik, postsovet dövrünün azsaylı görkəmli iqtisadçı-alimlərindən biri kimi bir çox onilliklərdir ki, Azərbaycanın sosial-iqtisadi inkişaf amilləri və yolları barədə araşdırmalar aparır. Onun çox məhsuldar ictimai və parlament fəaliyyəti hər şeydən əvvəl, ona görə diqqətəlayiqdir ki, o, böyük bir həyat məktəbi keçmişdir. Başqa sözlə, o, mütəxəssis və iqtisadçı-alim kimi, eyni zamanda, sovet və postsovet dövrünün iqtisadi siyasətini daxildən qiymətləndirmək, onların prinsipial xüsusiyyətlərini göstərə bilmək imkanına malik tədqiqatçıdır.
Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri kimi də respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə, ölkənin iqtisadi inkişaf strategiyasının elmi bazasının möhkəmləndirilməsinin reallaşması məsələlərinin həllində fəal iştirak edir.
Ömrünün yetkin dövrünə qədəm qoyan akademik müasir duyum və daha böyük həvəs, enerji ilə müstəqil Azərbaycanımızın iqtisadi inkişafına yardımçı ola biləcək ciddi tədqiqatlar üzərində işləyir, faydalı tövsiyələr və proqnozlar hazırlayır, səmərəli ictimai fəaliyyət göstərir, iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün əzmlə çalışır. Bu yolda görkəmli alimə, akademik Ziyad Səmədzadəyə uğur və müvəffəqiyyətlər diləyirik.
Mahmud KƏRİMOV,
AMEA-nın prezidenti,
akademik
Asəf NADİROV,
akademik
P.S. Sözügedən material 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, akademik Ziyad Əliabbas oğlu Səmədzadənin Təşəbbüs Qrupunun üzvləri tərəfindən hazırlanmış xüsusi buraxılışdan götürülüb
Comments are closed.