2016-cı ilin dövlət büdcəsində ipoteka kreditlərilə bağlı məsələ də nəzərdə tutulub və gələn il üçün ayrılan vəsait bu il olduğu kimi 50 milyon manat ayrılıb.
Amma son dövrlərdə aparılan statistika göstərir ki, ölkədə evə ehtiyacı olanların sayı artır. Amma ipoteka kreditilə mənzil alanların sayı isə azalmaqdadır. Buna səbbə isə ipoteka şərtlərinin və faizlərinin həddən artıq çox olmasıdır.
ANS TV-nin məlumatına görə, 9 ildir ölkə ərazisində daşınmaz əmlak almaq üçün 17 min 600-dən artıq insan ipoteka krediti götürüb ki, bu da 712 milyon manatdan çoxdur. Hansı ki, bu say daha çox ola bilərdi. Çünki, minlərlə insanın evə ehtiyacı var və ipoteka krediti bu arzunu reallaşdırmaq üçün yaxşı vasitədir. Təbii ki, şərtlər asan olsaydı.
İpoteka krediti üçün tələb olunan ən başlıca əngəl ilkin ödənişin məbləğinin çox olmasıdır. Yəni 50 min manat üçün ən azı 20 faiz ilkin ödəniş tələb olunur ki, bu da hardasa 10 min manatdan çox edir. Özü də 20 faiz ilkin ödəniş konkret təyin olunmuş məbləğ deyil. Yəni şərtlərə əsasən alınacaq evin dəyərinin ən azı 20 faizi öncədən ödənilməlidir.
Lakin ipoteka krediti verən müxtəlif kommersiya bankları ilkin ödənişin məbləğini özü istəyən kimi təyin edir. İlkin ödənişlə yanaşı tələb olunan sənədləri sayının çoxluğu da son illər ipoteka alanların sayında kəskin azalmaya səbəb olub.
İqtisadçı Ramil Osmanlı deyir ki, 2014-cü ildə ipoteka kreditlərinə ayrılan vəsaitin həcmi 130 milyon manat təşkil edib: “Amma 2015-ci ilin son 6 ayın statistikasına baxsaq bu rəqəm 37 milyon manatdan bir az yüksəkdir. Bunu ikiyə vursaq, təqribən 70 milyon manatdan bir qədər artıq edir ki, bu da ötən ilin göstəricisindən iki dəfə azdır”.
Mərkəzi Bankda isə ilkin ödənişin azaldılması müzakirə mövzusudur. Bununla yanaşı ipoteka üçün verilən maksimum məbləğin 50 mindən 100 minə qədər artırılması, faiz dərəcələrinin isə ümumu ipotekada 8-dən 6-a, sosial ipotekada isə 4 faizdən 2,5 faizə qədər azaldılması da gözlənilir.