“Bu ilin birinci yarısında Azərbaycanın idxal etdiyi məhsulların dəyərində kəskin artım müşahidə olunub. Belə ki, bu müddətdə 14 milyard 755 milyon dollarlıq ticarət dövriyyəsinin 35.7 faizini idxal təşkil edib. Bu 2023-cü ilin ilk yarısında 8 milyard 198 milyon dollarlıq idxal deməkdir. Qeyd edək ki, 2022-ci ilin ilk yarısında ümumi idxalımız 6 milyard 357 milyon dollar olub. Bu isə o deməkdir ki, bu ilin ilk yarısında ötən ilin uyğun dövrü ilə müqayisədə Azərbaycanın idxalı 22.5 faiz artıb”.
Banker.az xəbər verir ki, bunu iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, idxalın dəyərinin artmasında işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması prosesinin xüsusi payı olsa da belə xaricdən daha çox məhsul gətirməyimiz valyuta axını baxımdan arzuolunan deyil:
“İdxal ölkədən valyutanın çıxması anlamına gəlir. Bu eyni zamanda istehlak bazarında idxal inflyasiyasını da sürətləndirir. Rəsmi qiymətləndirmələrə görə, 12.2 faiz illik inflyasiyanın cəmi 3.0 faiz bəndi daxili tələbdən formalaşdırır. Digər hissəsi daha çox idxaldan asıllıq ilə bağlıdır. Bu baxımdan da idxalın optimallaşdırılması sadəcə valyutanın ölkədən çıxışının azaldılması deyil, həmçinin istehlak bazarındakı qiymətlərə təsirinin minimumlaşdırılması aspektindən də vacibdir.
İdxalın artım stukturuna diqqət yetirəndə bir sıra dəyişikliklər diqqəti cəlb edir. Bu müddətdə mal əti idxalı 2.6 dəfə, siqaretlər 34,5 faiz, məişət soyuducuları 68,6 faiz, minik avtomobilləri 38,8 faiz, buğda 23,1 faiz, dərman vasitələri 5,5 faiz, unlu qənnadı məmulatları 5,1 faiz, şokolad və şokolad məhsulları 2,6 faiz artmışdır. Xüsusən, mal əti idxalının kəskin artımı diqqətdən yayınmamalıdır.
Bütövlükdə, idxalın optimallaşdırılması iqtisadi siyasətdə əsas prioritet hədəflərdən olaraq qalmalıdır. Son qlobal və regional dəyişikliklər bir daha təsdiq edir ki, istehlak bazarında idxaldan asıllığın minimumlaşdırılması həmçinin ərzaq təminatı və təhlükəsizliyi baxımdan da vacibdir”.