12 C
Baku
Saturday, November 23, 2024

İddia ərizəsi necə yazılır?

İddia ərizəsi iddiaçı tərəfindən cavabdehə qarşı məhkəməyə təqdim edilən özündə cavabdehə qarşı müəyyən tələbləri əks etdirən yazlı müraciət formasıdır. İddia ərizəsi məhkəmə icraatının başlanılması üçün əsasdır və qanunla müəyyən edilmiş qaydada tərtib edilmədiyi halda məhkəmə tərəfindən geri qaytarılır.

İddia ərizəsini verən şəxs iddiaçı, iddia ərizəsi kimə qarşı verilibsə cavabdeh adlanır.

İddia ərizəsinə dair tələblər:

İddia ərizəsinin mətni aydın olmalı, mübahisənin əsasları açıq-aydın qaydada təsvir edilməli, mətn emosianal formada yazılmamalı, jarqonlardan (yəni ara sözlərdən) istifadə edilməməlidir və heç kəsin şərəf və ləyaqətini alçaldan məlumatlar istifadə edilməməlidir.

Ərizədə pozuntu faktları tam dəqiq göstərilməli, qanunvericiliyə istinad edilməlidir.

İddia ərizəsi elə formada tərtib edilməlidir ki, məhkəməyə qoyulmuş tələb tam aydın olsun, bir sözlə ərizə oxunaqlı olmalıdır.

Sübutlar və dəlillər tam dəqiq qeyd edilməldir. İddia ərizəsində nə qədər çox dəlil və sübut qeyd edilsə, o qədər uğur qazanmaq ehtimalı yüksəkdir.

İddia ərizəsinin tərtibi üçün peşəkar vəkilə müraciət etməyiniz tövsiyyə edilir.

İddia ərizəsi həm kompüter vasitəsi ilə, həm də əlyazma formasında tərtib edilə bilər.

İddia ərizəsinin tərtib edilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrində qeyd edilən tələblərə riayət edilməlidir.

İddia ərizəsinin forması və məzmunu:

İddia ərizəsi 3 hissədən ibarətdir:

1. Başlıq hissə:

İddia ərizəsinin başlığında məhkəmənin adını, özünüzün tam adınızı, qeydiyyat ünvanınızı və telefon nömrənizi, həmçinin cavabdehin tam adını, qeydiyyat ünvanını və telefon nömrəsini qeyd etməlisiniz.

2. Təsviri və əsaslandırıcı hissə:

İddia ərizəsinin təsviri və əsaslandırıcı hissəsində mövcud problemi aydın şəkildə izah etməlisiniz, tələbinizi əsaslandırmalısınız, cavabdeh tərəfindən hansı pozuntulara yol verildiyini və iddianın nə üçün təmin edilməli olduğunu aydın şəkildə izah etməlisiniz.

3. Xahiş (tələb) hissəsi:

İddia ərizəsinin xahiş hissəsində iddiaçı ərizəsində yazılanların hamısını ümumiləşdirir və yekunda tələbini irəli sürür. İddia ərizəsinin xahiş hissəsi aydın şəkildə tərtib edilməlidir ki, həm məhkəməyə tələbiniz tam aydın olsun, həm də iddia tələbi təmin edildiyi təqdirdə məhz qeyd olunan tələb icra sənədinin mətninə daxil ediləcəkdir.

Misal üçün: Məhkəmədən xahiş edirəm ki, Məmmədov Məmməd Məmməd oğlundan 1000 manat pulun tutularaq mənə ödənilməsi haqqında qətnamə qəbul edəsiniz.

İddia ərizəsinin axırında iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısını göstərməlisiniz.

Misal:

Şəxsiyyət vəsiqəsinin surəti

Borc müqaviləsi

qəbz

Pretenziya məktubu

İddia ərizəsinin axırında imza atmalı və iddia ərizəsinin tərtib edilmə tarixini qeyd etməlisiniz.

Kommersiya məhkəməsinə verilən iddialar:

Kommersiya məhkəməsinə iddialar yalnız elektron qaydada Elektron Məhkəmə Portalı vasitəsi ilə verilə bilər.

İddia ərizəsi hansı məhkəməyə verilməlidir?

Adətən iddia ərizəsi cavabdehin, yəni qarşı tərəfin qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilir.

Lakin qanunvericilikdə digər hallarda nəzərdə tutulmuşdur:

Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.

İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də boşanma iddiaları iddiaçının yaşadığı yerə görə verilə bilər.

Daşınmaz əmlakla bağlı mübahisələr əksər hallarda daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəməyə verilir.

Mənbəe-huquq.az
Son xəbərlər
Digər xəbərlər