13 C
Baku
Saturday, November 23, 2024

Deputat: İpoteka sahəsi Azərbaycanda yenidən qurulacaq və genişlənəcək

Prezident İlham Əliyevin “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanı ölkədə tikinti sektorunun canlanmasına səbəb olacaq.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, Prezidentin yeni fərmanı ilə ipoteka sahəsi Azərbaycanda yenidən qurulacaq, modernləşəcək və genişlənəcək. M.Quliyev bunu belə izah edir: “Çünki Prezidentin sözügedən fərmanı Açıq Səhmdar Cəmiyyətinə bütün imkanlardan istifadə etməklə müəyyən maliyyə mənbələrindən aşağı faizlərlə vəsaitlər cəlb etmək üçün geniş imkanlar verir. Birinci növbədə, bu, ipoteka kreditləşməsinin genişlənməsinə gətirib çıxaracaq”.

Daha çox vəsaitin cəlb olunması İpoteka Fondunun imkanlarını genişləndirməklə yanaşı, mənzilə ehtiyacı olan insanlara ipoteka kreditinin aşağı faizlə təklif olunmasına şərait yaradacaq.

Millət vəkili qeyd edib ki, fərmanda göstərildiyi kimi, insanlara istismarına icazə verilmiş və təmir olunmuş mənzillər veriləcək. Bu isə vətəndaşları əlavə xərclərdən və vaxt itkisindən xilas edəcək: “Həmçinin faizlərin aşağı olması ilə əlaqədar kreditin ödənilməsi müddəti də uzana bilər. İpoteka imkanları genişləndikcə, ipoteka ilə ev alanların sayı artdıqca tikinti sektoru da güclənəcək. Təbii ki, həm mövcud binalar istifadəyə veriləcək, həm də əhalinin sosial sifarişinə və ehtiyaclarına uyğun olaraq müxtəlif kateqoriyalı mənzillər tikiləcək. Bu, eyni zamanda əhalinin məşğulluğunun təmin olunmasına şərait yaradacaq”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Son xəbərlər
Digər xəbərlər