3 C
Baku
Monday, January 13, 2025

Taksilərdən istifadə ilə bağlı qaydalar dəyişdi – Yeniliklər AÇIQLANDI

Taksi xidməti sektorunda dəyişikliklərlə bağlı Prezident İlham Əliyev Fərmanlar imzalayıb. Dəyişikliklər taksi fəaliyyətinə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, dəyişikliyə əsasən, taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün 3000 manat dövlət rüsumu ödənilməlidir.

  1. Taksi xidməti sektorunda tətbiq olunan digər yeniliklər isə buraxılış vərəqəsi və icazə kartı ilə bağlıdır.  Qanuna əsasən buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
  2. Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulmasına, yəni icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək.
  3. Taksi sifarişi operatorları “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirmədiyi və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etmədiyi halda cərimə olunacaq. Vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.
  4. “Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatları AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.
  5. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir”.
Son xəbərlər
Digər xəbərlər