2025-ci ilin ilk rübündə Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un Avropaya ixracı planlaşdırılır.
Bu barədə TOGG CEO-su Gürcan Karakaş açıqlama verib.
“Hazırda gündə 100 avtomobil istehsal edilir. Sentyabrda isə hədəfimiz gündə 170 avtomobil istehsal etməkdir. İki növbəli iş rejiminə keçdikdən sonra isə ilin sonuna qədər 28 min avtomobil istehsal ediləcək. Gələn il bu rəqəm iki dəfə artırılacaq”, – deyə o vurğulayıb.
G.Karakaş onu da bildirib ki, 2026-cı ildə yeni smart cihazların istifadəsi ilə illik tutum 100 min ədədə çatacaq.
“2030-cu ilə qədər hədəflərimizə uyğun olaraq beş fərqli TOGG modeli planlaşdırdıq. 2025-ci ilin birinci yarısında C-Sedan və 2026-cı ildə C-X Coupé təqdim ediləcək”, – deyə o əlavə edib.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə sənaye mülkiyyətinə malik qlobal marka yaratmaq məqsədilə həyata keçirilib.
Avtomobil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədov və Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman, Qətər əmiri Əl-Tani və Birləşmiş Ərəb Əmirlikləri prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təqdim edilib.