Rəqabət orqanı rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən, dövlətin rəqabət siyasətinin formalaşdırılmasında iştirak edən və həmin siyasətin həyata keçirilməsini, habelə rəqabət sahəsində tənzimlənməni təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) olacaq.
Bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.
Layihəyə əsasən, rəqabət orqanının bu Məcəlləyə uyğun olaraq qəbul etdiyi qərarları onların aid olduğu bütün bazar subyektləri üçün məcburidir.
Xidməti fəaliyyətlə əlaqədar rəqabət orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər, onun müraciəti əsasında, məhkəmə qaydasında təqsirkar şəxsdən tutulmaqla, tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması və qanun pozuntularının aradan qaldırılması məqsədilə rəqabət orqanı tərəfindən rəqabət komissiyası yaradılır. Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.
Rəqabət orqanı tərəfindən aparılan araşdırmalar və yoxlamalar zamanı bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin müəyyən edilməsi həmin subyektlər barəsində iş qaldırılması üçün əsasdır. Rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması rəqabət komissiyasının qərarı əsasında həyata keçirilir. Qərar 5 (beş) iş günü müddətində işin tərəflərinə təqdim olunur. İş qaldırılması haqqında qərarda bütün mühüm faktlar, pozuntunun müəyyən edilməsinə hüquqi əsas, işə baxılması müddəti və cavabdehin rəqabət orqanına öz mövqeyini əsaslandırmaq üçün etirazlarını, mülahizələrini və sübutlarını təqdim etmə müddəti göstərilməlidir.
Öz mövqeyini əsaslandırmaq məqsədilə etirazlarını, mülahizələrini və sübutlarını təqdim etmək üçün işin tərəflərinə 10 (on) iş günündən az olmayan müddət müəyyən edilir. Rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə işə rəqabət komissiyası tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında qərar çıxarıldığı vaxtdan 3 (üç) ay müddətinə baxılır. İşə baxılması üçün əlavə müddət tələb olunduqda həmin müddət rəqabət komissiyasının əsaslandırılmış qərarına əsasən hər dəfə 3 (üç) ay müddətinə uzadılmaqla 9 (doqquz) ayadək artırıla bilər. Rəqabət komissiyası tərəfindən işlərə qapalı və açıq iclaslarda baxılır. İnformasiyanın, qanunla qorunan hər hansı sirrin açıqlanmasının yolverilməz olduğu hallarda, proses iştirakçılarının şəxsi və ya ailə həyatının toxunulmazlığının təmin edilməsinin tələb olunduğu hallarda, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının qorunmasının zəruri olduğu hallarda, habelə proses iştirakçılarının və ya digər şəxslərin həyatı, sağlamlığı və ya azadlığı üçün təhlükə yarandığı hallarda proses iştirakçılarının müraciəti və ya rəqabət komissiyasının təşəbbüsü ilə işə baxılma iclası qapalı keçirilə bilər. Rəqabət komissiyasının iclası komissiyanın sədri və üzvlərinin azı yarısı iştirak etdikdə səlahiyyətlidir.
Rəqabət komissiyasında baxılan işin tərəfləri aşağıdakılardır:
– ərizəçi;
– cavabdeh;
– maraqlı tərəflər.