8 C
Baku
Monday, November 18, 2024

Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması

Müasir dövrdə də mühüm əhəmiyyət kəsb edən mülkiyyət hüququ anlayışı öz mənbəyini qədim Roma hüququndan götürmüşdür. Romada mülkiyyət hüququ sahəsində dəqiq hüquqi termin işlənib hazırlanmasa da, onların mülkiyyət hüququnun elementləri barəsində müəyyən etdikləri qayda müasir qanunvericiliyin prinsipial əsasını təşkil edir. Bu müddəalar bütün hüquq sistemləri, o cümlədən, Azərbaycan Respublikasının mülki hüququ tərəfindən də qəbul edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri).

Mülkiyyət hüququ eyni vaxtda bir neçə şəxsə məxsus olması əlamətinə görə xüsusi və ümumi mülkiyyət hüququ kimi təsnifləşdirilir.

İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın və ya Mülki Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır.

Ümumi mülkiyyət hüququna paylı və birgə mülkiyyətlər daxildir. Paylı mülkiyyət hüququnda hər bir mülkiyyətçinin payını müəyyəmləşdirmək mümkün olur. Birgə mülkiyyət hüququnda isə belə payları müəyyənləşdirmək mümkün olmur.

Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

Paylı mülkiyyətdə mülkiyyətçilərin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

Paylı mülkiyyətdə olan əşyaya sahiblik, istifadə və bu əşya barəsində sərəncam vermənin də bir sıra özünəməxsusluğu vardır.

Belə ki, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər.

Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər.

Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.

Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.

Paylı mülkiyyətdə olan əşya onun mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını da tələb edə bilər.

Ümumi paylı mülkiyyətdə olan payın ayrılması natura formasında və pul kompensasiyasının (dəyərinin) ödənilməsi formasında ola bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarında qeyd edir ki, paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılması Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrində nəzərdə tutulan mərhələli formada həyata keçirilməlidir.

Belə ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

Digər tərəfdən, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.

Mənbəe-huquq.az
Son xəbərlər
Digər xəbərlər