Oktyabrın 2-də Nyu-York Fond Birjasında (NYSE) ilkin kütləvi təklifə (IPO) hazırlaşan alman ayaqqabı istehsalçısı “Birkenstock” Amerika tənzimləyicilərinə öz qiymətli kağızlarının yerləşdirilməsi üçün qiymət dəhlizini təqdim edib.
“Birkenstock” qiymətli kağızlarını bir səhm üçün 44-49 dollara yerləşdirəcək ki, bu da ona IPO-da 1.4-16 milyard dollar qazanmağa imkan verəcək. Alman istehsalçısı səhmlərini BIRK simvolu altında NYSE birjasında satacaq.
Şirkətin birjaya çıxmağın rəsmi tarixi hələ açıqlanmayıb, lakin “Bloomberg”ə görə, IPO gələn həftənin ortalarında baş tutacaq. Listinqin təşkilatçıları arasında “Goldman Sachs Group”, “JPMorgan Chase” və “Morgan Stanley” var.
Hələ sentyabr ayında ekspertlər deyirdilər ki, ABŞ-ın IPO bazarı bir neçə rüb aşağı aktivlikdən sonra bərpa olunmağa başlaya bilər. “Birkenstock”un ilkin kütləvi təklifi son həftələrdə ABŞ-da dördüncü böyük IPO olacaq.
“Birkenstock” 1960-cı illərdə çevik dabanlı sandaletlər istehsal etməyə başlayıb. Üç qardaş biznesi 2002-ci ildə miras aldılar, lakin onu idarə edə bilmədilər. Nəticədə, 2013-cü ildə onlardan biri olan Stefan payını bir neçə yüz milyon dollara digər ikisinə satdı və biznesin idarə edilməsi menecerlərə həvalə edildi.
2021-ci ildə Aleks və Kristian Birkenştok ailə biznesinin 70%-ni “L Catterton”a satdılar. Onda şirkət 4.87 milyard dollar dəyərində qiymətləndirildi. 2023-cü ilin iyul ayında “Bloomberg” “Birkenstock”un 6 milyard dollar qiymətləndirmə ilə birjaya çıxmaq planları barədə yazmışdı.