11 C
Baku
Monday, November 25, 2024

Naxçıvanda ictimai nəqliyyatda bank kartları ilə ödəniş ediləcək

Naxçıvan şəhərində ictimai nəqliyyatda bank kartları və NFC texnologiyalarından istifadə etməklə ödəniş tətbiq ediləcək.

Bunu Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Elçin Əliyev bildirib.

“İlk dəfədir Naxçıvanda – pilot layihə çərçivəsində ictimai nəqliyyatda bank kartı ilə təmassız, təhlükəsiz ödəniş tətbiq edilir. İlkin olaraq bir avtobusda yeni nəsil cihaz-validatorlar quraşdırılıb. Validatorlarla təmassız ödəniş imkanına malik olan istənilən bank kart ilə ödəniş etmək mümkündür. Bununla da, sərnişinin əlavə kart almasına ehtiyac qalmır.

Bundan başqa, yerli banklardan birinin təqdim etdiyi “İnkart” da var. Əgər bank kartınızda pul yoxdursa, “İnkart”ı avtobus dayanacağındakı terminalda doldurmaq mümkündür. Kartı alan zaman 2 manat ödənilir və bunun 1 manatı avtomatik karta yüklənir. Əhali əməkhaqqı, pensiya kartı ilə də ödənişi edə bilər. Oktyabr ayının sonuna qədər Naxçıvan şəhərindəki bütün avtobuslarda “İnkart”ın tam tətbiqi ilə bağlı işlər həyata keçiriləcək. “İnkart”ın daha bir üstünlüyü mobil tədbiqin mövcud olmasıdır. Mobil tətbiqə daxil olaraq balansınızı rahatlıqla artıra, ödəniş tarixçəsini izləyə bilərsiniz. Layihənin məqsədi nağdsız hesablaşmaların, təmassız kart əməliyyatlarının sayının artırılması, nağd dövriyyənin minimuma endirilməsidir”, – deyə o qeyd edib.

Bundan başqa, idarə rəisi qeyd edib ki, bu layihənin növbəti mərhələdə taksilərdə tətbiq edilməsi nəzərdə tutulub: “Bunun üçün əvvəl sürücülərlə söhbət aparılmalı, qarşılıqlı anlaşma əsasında, heç bir narazılıq olmadan layihə icra edilməlidir. Taksilərdə ödənişin nağdsız həyata keçirilməsi istənilən bank kartı ilə mümkün olacaq”.

Qeyd edək ki, hazırda Naxçıvan şəhərində 67 avtobus fəaliyyət göstərir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər