Dünyada nə neqativ hadisə baş verirsə, keçmiş ABŞ prezidenti Donald Tramp bunda Ağ Evin hazırki sahibi Cozef Baydeni və onun administrasiyasını günahlandırır. Tramp növbəti dəfə prezident seçkisinə hazırlaşdığına görə Ağ Ev administrasiyasını istənilən mövzuda tənqid edir.
Donald Tramp Həmas qruplaşmasının İsarilə hücumunu ABŞ-ın zəifliyi kimi qiymətləndirib. Tramp hesab edir ki, İsrailə hücum dünyada ABŞ-ın gücünə inam azaldığına görə baş tutub. “Bizi zəif kimi görməyə başlayıblar” deyən Tramp ölkəsinin liderinin zəif olduğunu xatırladıb. Tramp bildirib ki, o prezident seçkisində qələbə qazanarsa İsrailə dəstəyini artıracaq, Fələstinə isə heç bir dəstək verməyəcək.
“Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı da fərqli mövqeyə malikdir”- deyə Atlas araşdırmaları mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir. “Trampın fikrincə, ABŞ Ukraynanı dəstəkdən imtina etməlidir”.
Donald Trampın fikrincə, Ukraynaya dəstək Avropa İttifaqının Ukraynaya dəstəyi qədər olmalıdır. “Niyə zəif prezident Cozef Bayden Avropanı Ukraynaya gərəkən maliyyə ayırmağı məcbur edə bilmir” sualını səsləndirən Tramp Rusiya-Ukrayna müharibəsinin maliyyə yükünün Amerikanın üzərindən götürülməsi vacibliyini irəli sürüb. Bu o deməkdir ki, Donald Tramp növbəti seçkidə qələbə qazanarsa ABŞ-ın Ukraynaya maliyyə və hərbi yardımı azala bilər. Bu isə Ukraynanı ağır vəziyyətə sürükləyə bilər. Ona görə də Ukrayna müharibədə dönüş yaratmaq istəyirsə, bunu Cozef Baydenin prezidentlik müddəti bitənə qədər reallaşdırmalıdır.
Donald Tramp Rusiya-Çin ittifaqına görə də Cozef Baydenin və ondan əvvəlki prezident Barak Obamanın məsuliyyət daşıdığını bildirib. Tramp “Just The News” dərgisinə verdiyi açıqlamada, Obamanın və Baydenin yanlış siyasətinin Çin-Rusiya ittifaqına gətirib çıxardığını bildirib. “Mən tarixdən bilirəm ki, Çinlə Rusiya yaxınlaşmasına imkan verəndə ABŞ-ın problemləri artır” deyən Tramp bildirib ki, Vaşinqtonun siyasətinin Moskva ilə Pekinin yaxınlaşmasınin qarşısını almaq üzərində qurulmalıdır: “Rusiya Çinin uzun sərhədi var. Rusiyanın ərazisi böyük, Çininki azdır. Buna görə də bu iki dövlət dost ola bilməz”.
E.Şahinoğluya görə, Donald Tramp bu məsələdə haqlıdır. Rusiya-Çin ittifaqı ABŞ-a əlavə problemlər yaradıb. Moskva və Pekin yalnız ittifaqla kifayətlənmir, beynəlxalq məsələlərdə mövqelərini yaxınlaşdırırlar. Moskva və Pekinin çoxqütblü dünya yaratması təşəbbüsləri də ABŞ əleyhinədir. Ancaq bu o demək deyil ki, Donald Tramp prezident seçilərsə Çin-Rusiya ittifaqını zəiflədə biləcək. Donald Tramp prezident olduğu illərdə Çinə qarşı iqtisadi məhdudiyyətlərin təşəbbüskarı olub.