3 C
Baku
Saturday, December 14, 2024

Böyükşorda bütün növ nəqliyyat vasitələrinin təmiri Mərkəzi tikiləcək – İsveçrə şirkətilə müqavilə imzalandı

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Stadler Rail Group” şirkəti arasında dəmir yolu nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb.

ADY sədri Rövşən Rüstəmov və “Stadler Rail Group” şirkətinin vitse-prezidenti Benjamin Niederhauser tərəfindən imzalanmış müqaviləyə əsasən, Böyükşor ərazisində Regional Servis Mərkəzi tikiləcək və “Stadler” şirkəti tərəfindən də Mərkəzin tikintisi üçün investisiya yatırılacaq.

Bu mərkəzin əhəmiyyəti ondan ibarətdir ki, hazırda dəmir yollarında aktiv istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidmət məhz burada həyata keçiriləcək. “Stadler” qatarlarına texniki dəstəyin göstərilməsi həmin nəqliyyat vasitələrinin hazırlıq əmsalının 95%-dən çox olmasını təmin edəcək. Eyni zamanda mərkəzdə ADY-nin işçi heyətinə bütün növ lokomotivlərin təmir olunması ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından dəstək və məsləhət veriləcək.

Qeyd edək ki, ADY tərəfindən İsveçrənin “Stadler Rail Group” şirkətindən sifariş edilən KISS markalı ikimərtəbəli elektrik qatarları ilk dəfə Azərbaycana 2015-ci ildə gətirilib. Hazırda Azərbaycanın dəmir yollarında 9 ədəd KISS elektrik qatarı istifadədədir.

Son xəbərlər
Digər xəbərlər