-1 C
Baku
Sunday, December 15, 2024

Onbaşı Ceki: bir heyvanın hərbi şücaəti

1915-ci ildə Birinci Dünya Müharibəsinin ən qızğın zamanında Albert Marr İngiltərəyə sədaqət andı içdi. Marr cəbhəyə yollandıqda yalnızca bir şey xahiş etdi – Ceki adlı meymununu özü ilə aparmağına icazə verilsin.

Adi halda cəbhədə əsgərlərin adi bir meymuna fikir vermələri və əyləncə axtarmaları mümkünsüz idi. Lakin öz təəccüblü davranışları və xüsusi xasiyyəti ilə Ceki adlı meymun 3-cü Cənubi Afrika piyada alayının talismanına çevrildi. Hətta ona xüsusi forma və üzərində piyada alayının nişanəsini əks etdirən baş geyimi də ayrılmışdı. Ceki əsl əsgər idi və yeraltı sığınacaqda oturmaqla yanaşı, sipərlər üzərində sürünərək döyüşlərdə də iştirak edirdi. Ceki hətta yüksək dərəcəli zabitlərlə salamlaşmağı, çəngəl və bıçaqdan qaydalar üzrə istifadə etməyi, boru ilə tütün çəkməyi də öyrənmişdi.

1916-cı ildə döyüşlər zamanı Albert yaralanır və Ceki həkimlər gəlincəyə qədər onun yaralarını sarımışdı. 1918-ci ilin döyüşləri zamanı isə Ceki özü yaralanır. Dəstə şiddətli atəşə məruz qalmışdı və ətrafı bürümüş tüstü içərisindən daşlardan və qalıqlardan primitiv istehkam qurmağa çalışan Cekini görmək olardı. Qəlpə onun sağ ayağını yaralamışdı və bunun nəticəsi olaraq da onun sağ ayağı amputasiya olunmuşdu. Əməliyyatı həyata keçirən həkim Vudsend öz gündəliyində yazırdı:

“Biz xəstəyə xloroform verməyi düşünürdük: heç olmasa ölsə anesteziya təsiri altında həlak olsun. Bu günə qədər olan təcrübəmdə heç vaxt belə bir xəstəyə anesteziya verməli olmamışdım. Lakin Ceki keyidici dərman olan flakonu götürdü və acgözlüklə içməyə başladı. Bu amputasiyanı həyata keçirməyə bəs edərdi”.

Birinci Dünya Müharibəsi bitdikdə onbaşı Ceki “Pretorian medalı”na, zədələrinə görə qızıl zolağa, hərbidə keçirdiyi hər ilə görə hərbi təqaüdə layiq görülmüş və Londonda Qələbə Paradı zamanı ən yüksək pillədə olaraq iştirak etmişdi.

Son xəbərlər
Digər xəbərlər