Azərbaycanda növbəti il üçün qazlaşdırma proqramı müəyyən ediləcək.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, artıq bu işlər formalaşmaq üzrədir: “Hər il olduğu kimi, qazlaşdırma proqramı “Azəriqaz”ın daxili maliyyə resursları hesabına həyata keçirilir”.
T. Cəfərov xatırladıb ki, bu ilin noyabr ayından etibarən Azərbaycanda daha 40 kənd və yaşayış massivlərinin qazlaşdırılmasına başlanılacaq: “Bu ildə Azərbaycanda 150 kənd və yaşayış massivin qazlaşdırılması nəzərdə tutulub ki, artıq onlardan 110-da işlər yekunlaşmaq üzrədir. Bu kənd və yaşayış massivlərinin qazlaşdırılması işləri növbəti ilin birinci rübü üzrə yekunlaşması nəzərdə tutulub”.
Şöbə rəisi vurğulayıb ki, artıq ölkə üzrə qazlaşdırma səviyyəsi 96,4 % təşkil edir: “Bu gün ölkədə 900-ə yaxın qazlaşmayan kənd və yaşayış massivi mövcuddur. Bunlardan da 250-ə yaxın; qazlaşdırılması texniki və iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilir. Ancaq digər kənd və yaşayış massivlərinin “Azəriqaz”ın daxili maliyyə resursları hesabına mərhələli şəkildə həyata keçiriləcək”.