Qanunvericiliyə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, kredit müqaviləsi adlandırılır.
Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, eyni zamanda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.
Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı, ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Rüb başa çatdıqdan sonra isə növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.