Brend dedikdə hər birimizin ağlında müxtəlif, öz sevdiyimiz brendlərin adları, məhsulları və loqoları canlanır. Brendlər yavaş-yavaş, addım-addım nəzərdə tutulduğy auditoriyanın şüuraltına yeriyir və belə desək orada özünə ikinci həyat qazanır. Brendlər bizi sevdiyimiz məşğuliyyətlər zamanı – idman, istirahət, ünsiyyət zamanı ələ keçirir və elə təəssürat yaradır ki, biz onları sevək, qiymətləndirək və bütün digər məhsullardan üstün tutaq.
Marketinq sahəsində belə bir deyim var ki, məhsulun sahibi istehsalçı, brendin sahibi isə istehlakçıdır. Doğrudan da, bizim şüurumuzda bu və ya digər brend ilə əlaqədar assosiasiya olunmuş inanclar olmasa şirkət həmin məhsulu inkişaf etdirə bilməzdi. Brendin gücü ondan ibarətdir ki, o bizim şüurumuzda yaşayır.
Məşhur brendin avtomobilini almaq istehlakçıya nə qazandıracaq? Status, kreativlik, hətta qeyri-standartlıq. Brend bizə əlini uzadır, psixoloji dəstək verir. Həmçinin brend hər birimizin yaxşı hiss etdiyimiz vacib sosial rola malikdir.
Adətən hər hansı məhsulun alınması sırf göstəriş xarakteri daşıyır. Bu tip məhsullar isə avtomobil, saat, müasir gadgetlər, hər hansı geyim elementi, bəzən isə bəzi içkilərdir. Bu brendlər ətrafımızdakı, yaxın-uzaq insanlarla yeni-yeni münasibətlər yaratmağa imkan yaradır.