Səudiyyə Ərəbistanı 2023-cü ilin dekabr ayının sonuna qədər neft hasilatını gündəlik 1 milyon barel azaltmağa davam edəcək. Bu barədə krallığın Energetika Nazirliyi məlumat yayıb.
Bundan əvvəl könüllü ixtisar ilkin olaraq iyul ayına hesablanıb, sonra avqust və sentyabr aylarına qədər uzadılıb. Səudiyyə Ərəbistanı hasilatın azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini, lakin qərarı hər ay nəzərdən keçirəcəyini bildirib. Dekabr ayında, mesajda göstərildiyi kimi, krallıq ya azalma müddətini uzatmaq, ya dərinləşdirmək, ya da hasilatı artırmaq barədə qərar verəcək.
Səudiyyə Ərəbistanının dekabr ayında neft hasilatı azalma nəzərə alınmaqla sutkada 9 milyon barel olacaq. İyunun 4-də Vyanada keçirilən OPEC+ toplantısından sonra Səudiyyə Ərəbistanı tədbirin uzadılması ehtimalı ilə iyul ayı üçün neft hasilatını könüllü olaraq sutkada 1 milyon barel azaldacağını açıqlayıb. Krallığın Energetika Nazirliyinin verdiyi məlumata görə, əlavə azalma neft bazarında sabitliyin və tarazlığın qorunmasına yönəlmiş qabaqlayıcı tədbirdir.