Çinin Cinan şəhər xalq məhkəməsi ölkənin ən iri banklarından olan CITIC-in sabiq prezidenti Sun Deşun haqqında ölüm hökmü çıxarıb.
Sabiq prezidentə bu cəza təxminən 1 milyard yuan (136,5 milyon ABŞ dolları) dəyərində korrupsiya əməllərinə görə verilib. Məhkəmə Sun Deşunun 2 illik möhlətlə edam olunması ilə yanaşı, onun bütün siyasi hüquqlardan məhrum edilməsinə və əmlakının müsadirə olunmasına da qərar verib. İkiillik möhlət dövrünün sonunda onun haqqındakı edam cəzası bir daha yüngülləşdirilməmək şərti ilə ömürlük azadlıqdan məhrumetmə ilə əvəz oluna bilər.
Qeyd edək ki, Sun Deşun 2003-2019-cu illərdə bank sektorunda müxtəlif vəzifələrdə çalışıb, habelə Çin Kommunikasiya Bankının Pekin filialının sədri, CITIC bankın vitse-prezidenti və prezidenti olub. Məhkəmənin gedişində onun rəhbər vəzifələrdə çalışarkən fiziki və hüquqi şəxslərə iri miqdarda kredit ayrılması müqabilində külli miqdarda rüşvət almasına dair ittihamlar sübuta yetirilib.