ABŞ Azərbaycana investisiyaların həcmini artırmaq niyyətindədir.
Banker.azın Trend-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ticarət Departamentinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli cümə günü Bakıda keçən Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) 20-illiyinə və ABŞ-ın ticarət missiyasının səfərinə həsr edilmiş tədbir zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın müstəqillik bəyannaması günündən ölkəyə ən böyük investorlardan biri ABŞ-dır.
“Əgər əvvəl biz yalnız neftqaz sektoruna sərmayə qoyurduqsa, ancaq indi biz qeyri-neft sahəsinə diqqət yetirməyi planlaşdırırıq: logistika, əczaçılıq, informasiya texnologiyaları və s.”, – Lalli bildirib.
Bu günə qədər ABŞ Azərbaycanın iqtisadiyyatına 10 milliard dollar həmində sərmayə qoyub. Hal-hazırda Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir.
Bu ilin 9 ayı ərzində ölkələrin arasında əmtəə dövriyyəsi beş faiz artıb.