“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Fərid Hüseynov mətbuat konfransında bankın strukturunda yeni tətbiq etdiyi agile idarəetmə sisteminin bankın işində nə qədər effektli olub-olmadığına dair məsələyə aydınlıq gətirib.
Sədr deyir ki, son zamanlarda müştərilərin bankların xidmətlərindən gözləntiləri dəyişir və bunun ümumdünya trendi olduğunu vurğulayır.
“Biz davamlı olaraq dünya trendlərini izləyirik. Misal çəkərək bildirmək istəyirəm ki, biz ekologiyaya fokuslanmaqla daha çox “yaşıl bank” sisteminə keçmək istəyirik. Bunu həm filial, həm də rəqəmsal xidmətlərimizdə istifadə edəcəyik”, – deyə bank sədri bildirir.
Onun sözlərinə görə, ölkənin ən iri xidmət şəbəkəsinə malik sistem əhəmiyyətli bank olmasına baxmayaraq “Kapital Bank” 2020-ci ildən qərar verib ki, ənənəvi metoddan (waterfall) agile metoda keçirilsin. Pandemiyaya rəğmən bütün bankın blokunu agile-a transformasiya etmək qərarına gəldik.
“Biz ayrıca bir hab yaratmadıq. Bütün müştərilərə təqdim edilən məhsullar blokunu bu metoda keçirtdik. Hazırda texnoloji və data transformasiyası davam edir. Düşünürəm və inanıram ki, bu da müştərilər üçün daha yaxşı nəticələrə gətirib çıxarıb. Biz bunu hazırda da görürük. Məsələn, bankımızın mobil tətbiqi “Birbank”ın 3 milyona yaxın aktiv istifadəçisi var”.
F.Hüseynov bütün bu proseslərin arxasında əməkdaşlarının dayandığını və “ən yaxşı” əməkdaşlar üşün “ən yaxşı bank” olmaq istədiklərini də bildirir.
“Məncə, bu, bizdə alınır. Bunun təsdiqi kimi deyə bilərəm ki, biz bu il beynəlxalq sertifikata layiq görüldük. Bu, “Great Place To Work” sertifikatıdır, hansı ki, mükəmməl iş yeri anlamına gəlir. Bu, ölkə bankçılığında ilkdir”.
BU TRANSFORMASİYANIN NƏTİCƏSİ NƏDİR
Bankın İdarə Heyətinin sədri bildirir ki, son dövrlərdə tətbiq edilən müasir audentifikasiya vasitəsi ilə nağd kreditlər, kredit kartları, sığorta və bütün növ ödənişlərini tam olaraq onlayn əməliyyat aparmaq olur.
Məlumat kimi o da nəzərə çatdırılır ki, rəqəmsallaşma sahəsində ölkə üzrə bank kartlarının 35%-i “Kapital Bank”a məxsusdur.
“Onlayn olaraq rəqəmsal depozit də işə düşəcək. Bununla da müştərilər evindən və ya iş yerindən tam rahatlıqla bank xidmətlərindən yararlana biləcəklər. Data məlumatlar bizə imkan verir ki, 2-3 dəqiqə ərzində müştərilər bu xidmətlərdən yararlana bilsin”.