2 C
Baku
Saturday, December 14, 2024

Avropada Azərbaycan qazına böyük ehtiyac var

Xarici sərmayələrə gəldikdə, əlbəttə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

Əhəmiyyətli inkişafın bərpaolunan enerji mənbələri ilə bağlı olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

“Hesab edirəm ki, bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Biz artıq ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışını etdik. Növbəti 5-6 ildə isə biz 10 qiqavat həcmində günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Zənnimcə, rəqəmsal transformasiya gündəliyimizlə yanaşı, sərmayə qoyuluşu üçün əsas sahələr bunlar olacaq”.

Prezident deyib ki, Azərbaycanın enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib.

“Bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün biz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edirik. Həmçinin biz Macarıstan və Serbiya ilə müqavilələr imzalamışıq. Bununla yanaşı, Albaniya da bizim qazın paylanılmasına dair planlarımıza daxildir”.

İlham Əliyevin sözlərinə görə, Avrasiyada və əsasən də Avropada bir sıra ölkələr Azərbaycanın tərəfdaşıdır və Azərbaycan qazına olan tələbat artmaqdadır.

“Biz Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verdik. Bu, bizim işgüzar əlaqələrimizin vacib hissəsi olmaqda davam edəcək. Eyni zamanda, mən artıq bərpaolunan enerji sahəsinə toxundum. Bu gün Bakıda olduqca küləkli gündür və bu, normal hava şəraitidir və biz xüsusilə də Xəzər dənizində nəhəng potensiala malikik. Artıq 10 qiqavat həcmində külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzalanıb. Bu, Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcəkdir. Bununla yanaşı, Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək”, – deyə dövlətimizin başçısı bildirib.

Son xəbərlər
Digər xəbərlər