Azərbaycanda fəaliyyətdə olan GL-in Baş icraçı direktoru Orxan İsmayılov Qətərdəki neft-qaz şirkətinə təyinat alıb.
Banker.az xəbər verir ki, O.İsmayılov dekabrdan etibarən Qətərdə fəaliyyətdə olan “McDermott International ltd”nin Layihə nəzarəti direktoru təyin edilib.
O, 1 avqust 2023-cü il tarixindən etibarən GL-in Baş icraçı direktorunun tabeliyində, “GL Technical Services” MMC-də İcraçı direktor vəzifəsinə təyin edilmişdi.
Neft-qaz sənayesi üzrə 20 illik zəngin beynəlxalq təcrübəyə malik Orxan İsmayılov Azərbaycanda “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının hasilatın pay bölgüsü sazişləri üzrə böyük tikinti sahələrində çalışıb. O, Anqola, Avtrsaliya, Malayziya, Birləşmiş Krallıq və Cənubi Koreyaya təyinatlarda beynəlxalq miqyasda geniş təcrübə qazanıb.
Zəngin iş təcrübəsinin böyük hissəsində “McDermott”, “Technip”, “Saipem”, “Amec” və “Wood Group” kimi mühəndislik, təchizat, tikinti və layihələrin idarə edilməsi üzrə ixtisaslaşmış podratçı şirkətlərdə, eləcə də, 6 il “Chevron” şirkətində rəhbər vəzifələrdə çalışıb.
“GL Technical Services” MMC-dən əvvəl, “Wood Group” şirkətində Layihələrə Nəzarət və Satınalmalar üzrə menecer vəzifələrində fəaliyyət göstərib və şirkətin daxilində Biznesin İnkişafı və Kommersiya işlərinə rəhbərlik edib.
Orxan İsmayılov, “Kadrların Milliləşdirilməsi” proqramlarının fəal təbliğatçısı olmaqla yanaşı, müştəri məmnunluq səviyyəsinin inkişaf etdirilməsi və kollaborativ səmərəlilik təşəbbüsləri ilə nəticələnmiş biznesin təkmilləşdirilməsi, strateji inkişaf və yeni texnologiyaların tədbiqi işlərinə rəhbərlik edib.
O, Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit üzrə magistr dərəcəsinə və Layihələrin idarə edilməsi və nəzarət üzrə müxtəlif beynəlxalq sertifikatlara malikdir.