17:39
Dekabrın 18-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının altıncı iclası keçirilib.
İclas Ali Məclis sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə baş tutub.
İclasın gündəliyində aşağıdakı məsələlər müzakirə olunub;
– “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi,
– “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş),
– “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (ikinci oxunuş).
Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, layihədə işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin xərclər istiqamətində özünüməşğulluq tədbirlərinin təşkili üzrə nəzərdə tutulmuş vəsaitdə qənaət olunmuş 80 min manatın yaranmış ehtiyaca uyğun olaraq işsizliyə görə sığorta ödənişləri üzrə vəsaitə əlavə edilməsi təklif olunmaqdadır. Layihənin qəbul edilməsi ilə işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsində işsizliyə görə sığorta ödənişləri üzrə vəsait 90 min manatdan 170 min manata artırılacaq, özünüməşğulluq tədbirlərinin təşkili üzrə vəsait isə 1 milyon 480 min manatdan 1 milyon 400 min manata azaldılacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəlikdə duran ikinci məsələ – “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti 2023-cü il 12 dekabr tarixli məktubla “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanun layihəsini Ali Məclisə təqdim edib. Qanun layihəsi deputatlara təqdim olunub. Bundan başqa, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanun layihəsi Ali Məclisin Sosial siyasət komitəsində muxtar respublikanın aidiyyəti dövlət orqanlarının nümayəndələrinin və digər rəsmi şəxslərin iştirakı ilə 14 dekabr 2023-cü il tarixdə müzakirə olunub. Aparılmış müzakirələrdən sonra qanun layihəsinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasına təqdim olunması qərara alınıb.
Ali Məclisin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova qanun layihəsi barədə təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb.
Qanun layihəsi səsə qoyularaq söylənilmiş təkliflər və iradlar nəzərə alınmaqla birinci oxunuşda protokol qaydasında qəbul edilib.
Daha sonra Ali Məclis sədrinin müavini gündəlikdə duran üçüncü məsələ ilə bağlı bildirib ki, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi 8 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 18-ci və 19-cu maddələrinə uyğun olaraq birinci oxunuşda müzakirə edilib, söylənilmiş təkliflər və iradlar nəzərə alınaraq onun üzərində iş davam etdirilməklə Ali Məclisin protokol qaydasında qərarı ilə birinci oxunuşda qəbul olunub. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti verilmiş təkliflərə Ali Məclisin müvafiq komitəsi ilə birlikdə baxaraq 12 dekabr 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsinin yenilənmiş variantını Ali Məclisə təqdim edib. Bundan sonra layihə İqtisadi siyasət komitəsində müzakirə edilərək ikinci oxunuş üçün Ali Məclisin iclasına təqdim olunması qərara alınıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda əsas kimi qəbul edilib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası öz işini başa çatdırıb.
***
11:12
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilir.
İclasda “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin (birinci oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin (ikinci oxunuş) müzakirə olunması nəzərdə tutulur.