9 C
Baku
Thursday, December 12, 2024

Naftalan nefti sertifikatlaşdırılacaq

Dövlət Turizm Agentliyi Naftalan neftinin sertifikatlaşdırılması ilə bağlı iş aparır.

Bunu Agentlik yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

“Hazırda həm Səhiyyə Nazirliyi, həm də Almaniyanın “Sağlamlıq Turizmi Assosiasiyası” ilə birlikdə Naftalan neftinin sertifikatlaşdırılması üzərində işləyirik, fəaliyyət planı hazırlanır. Çox kompleks bir prosesdir. Sertifikatlaşdırmanın əsas hissəsi Dövlət Neft Şirkətindən (SOCAR) başlayacaq”, – deyə o qeyd edib.

“Azərbaycanda sağlamlıq turizmi dedikdə ilk ağıla gələn yerlərdən biri Naftalan şəhəridir. Burada yerli neft vasitəsilə müəyyən prosedurlar və sağlamlıq turizmi sektorunda fəaliyyətlər davam edir. Naftalan Şəhər İcra Hakimiyyəti ilə birlikdə Naftalanın turizm inkişaf konsepsiyasını hazırladıq. Naftalanla bağlı ən mötəbər layihə Naftalan neftinin sağlamlıq turizminin inkişafında rolunun artırılması ilə bağlı əlavə tədbirlər planı haqqında olan layihədir. Həmin layihə yekunlaşmaq üzrədir. Layihə çərçivəsində Naftalan neftinə ümumi strateji yanaşma gətirəcəyik. Layihə təsdiqləndikdən sonra Naftalan neftinin beynəlxalq səviyyədə sertifikatlaşdırılması ilə bağlı addımlar atacağıq”, – deyə R.Əliyev əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, hazırda sağlamlıq turizmi ilə bağlı Naftalana gələn turistlərin böyük hissəsi MDB ölkələrindəndir: “Dövlət Turizm Agentliyi xarici ölkələrdə keçirilən sərgilərdə, tədbirlərdə Azərbaycanın turizm potensialını təqdim edir. Lakin Qərb ölkələrinin turistlərini Naftalana cəlb etməkdə qarşımızda duran baryerlərdən biri Naftalan neftinin beynəlxalq sertifikatının olmamasıdır. Sertifikatlaşdırma bitəndən sonra Naftalana xeyli sayda turist gələcəyinə inanırıq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər